• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1688
— 11.01.2016 04:52

Şəmkirdə müəmməlı yanğınlar əhali arasında təşvişə səbəb olub

Şəmkirin Qaracəmirli kəndində müəmmalı yanğınlar yenidən başlayıb. Bu gecə kənddə daha iki yanğın baş verib. Hadisələrin birində həyətyanı sahədə ot tayası, digərində isə mal-qara və ev quşları birlikdə tövlə alışıb. Sakinlər yanğınların qəsdən törədildiyinə əmindirlər.

İlk yanğın hadisəsi axşam saat 23:00 radələrində Müşfiq Mehtiyevə məxsus tövlədə qeydə alınıb. Hadisə yerinə Şəmkir Dövlət Yanğından Mühafizə Hissəsinin 125 saylı bölməsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin səyinə baxmayaraq, tövlənin 120 kvadratmerlik tavan hissəsi və orada saxlanılan 10 ton ot bağlaması yanıb. Tövlədə olan ev quşları və da tələf olub. Mal-qara isə tüstüdən zəhərlənib.

Gülsabah Mehtiyeva -zərərçəkən:İki maşın gəldi. 680 ədəd ot bağlaması yandı. Tövlə tam sıradan çıxdı. Heyvanlar tüstüdən boğulurdu. Çətinliklə də olsa çıxardıq. Toyuq- cücənın öləni öldü, qalanı qaldı”.

Müşfiq Mehtiyev - zərərçəkən:Bu qəsdlə törədilir. Kənddə bu 15-ci hadisədir. Həmin gecə bizdən bir saat sonra başqa yerdədə yanğın olub”.

Gecə daha bir yanğın hadisəsi Aidə Zeynalovaya məxsus həyətyanı sahədə baş verib. Yanğın zamanı fərdi təsərrüfatda olan 10 ton ot bağlamasından 5 tonu yanıb. Bir-birinin ardınca baş verən iki yanğın Qaracəmirli kəndinin sakinlərini yenidən təşvişə salıb. Onlar əmindirlər ki, yanğınlar qəsdən törədilir.

Şəmşid Muradov – sakin: “Yandıra-yandıra gedirlər. Polislər də tuta bilmirlər. Qıraqdan gəlirlər, içəridənmi edirlər bilmirik. Ancaq bu şəkildə yandırırlar”.

Sakinlərin bu əminliyinin səbəbi də var. Ötən ilin avqust-sentyabr aylarında Şəmkirin Qaracəmirli kəndində bir-birinin ardınca 11 yanğın hadisəsi qeydə alınmışdı. Həmin vaxt həyətyanı sahələrdə ot bağlamaları ilə yanaşı, körpələr evi-uşaq bağçası və kənd xəstəxanası da alova qərq olmuşdu.

Natiq Hüseyn