İtaliyanın baş naziri: 2026-cı ilin ikinci yarısında Bakıda Azərbaycan-İtaliya biznes-forumunun təşkili planlaşdırılır"
Prezident İlham Əliyev ilə görüşdə mətbuata bəyanatlar zamanı İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni mühüm açıqlamalar verib.Xanım baş nazir bildirib ki, 2026-cı ilin ikinci yarısında Bakıda Azərbaycan-İtaliya biznes-forumunun təşkili planlaşdırılır. Onun sözlərinə görə, məqsəd siyasi əməkdaşlığı konkret iqtisadi imkanlara çevirməkdir. İtaliya hökumət başçısı vurğulayıb ki, iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu genişlənir və İtaliya şirkətləri həm ikitərəfli, həm də üçüncü ölkələrdə birgə layihələrə böyük maraq göstərir. Əməkdaşlıq təkcə energetika ilə məhdudlaşmır, sənaye və digər sahələrdə də geniş potensial mövcuddur. C.Meloni bildirib ki, İranla bağlı böhran və regiondakı hadisələr ətrafında fikir mübadiləsi aparılıb və sabitliyin bərpasına dəstək ifadə olunub.O, həmçinin Azərbaycan tərəfinə italyan vətəndaşlarının təxliyəsinə və Tehrandakı səfirliyin müvəqqəti Bakıya köçürülməsinə göstərilən dəstəyə görə təşəkkür edib. İtaliyanın baş nazirinin Azərbaycana səfəri başa çatıb.
- Baxış: 46
