Bu günə xəbərlərin oxunma sayı: 666
— 23.10.2025 10:20

"Qarabağ" cari mövsüm əsas mərhələdə ilk dəfə məğlub olub

"Qarabağ" UEFA Çempionlar Liqasında  "Atletik" ilə qarşılaşıb. İspaniyada  "San Mames" stadionunda reallaşan matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı Azərbaycan kollektivindən 1-ci dəqiqədə Leandro Andrade açıb. İspaniya klubundan Qorka Quruseta dubl müəllifi olub. Digər qolu Robert Navarro vurub. Ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsində ilk məğlubiyyətini alıblar. Qurban Qurbanov səfərdə məğlub olduqları qarşılaşmanı şərh edib:
Qurban Qurbanov - "Qarabağ"ın baş məşqçisi:"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Cari mövsüm əsas mərhələdə ilk qələbələrini qazandılar. Oyun yaxşı alındı. Ən azı məğlub olmaq istəmirdik. Qarşılaşma boyunca şanslarımız var idi. Futbolçularım sona kimi mübarizə apardılar. Dünən oyundan əvvəl mətbuat konfransında dediyimiz sözlərin canlı şahidi olduq. Dinamik və sürətli komandaya qarşı çıxış etdik. Onlar sürətli tempi sona qədər qoruyub saxladılar. Futbolçularımız üçün bu asan deyildi. "Atletik" hesabda 2:1 öndə olarkən daha çox riskə getdik və müdafiədə boşluqlar verməyə başladıq. Nəticədə üçüncü qolu qapımızda gördük. Əsas mərhələdə get-gedə rəqiblər daha da çətinləşir və məsuliyyət böyüyür".
Qeyd edək ki, Qarabağ IV turda, noyabrın 5-də Bakıda İngiltərənin "Çelsi" kollektivini qəbul edəcək.