Propan qaz balonlarının çoxmənzilli binaların birinci mərtəbələrində və zirzəmilərində istifadə olunması partlayış və yanğın baş verməsi riskini artırır. Söhbət sıxılmış qaz balonlarından istifadə edən iaşə obyektlərindən gedir. Gəncə Regional Yanğın Nəzarəti İdarəsi Gəncə şəhərində yerləşən belə obyektlərdə növbəti monitorinq keçirib. Monitorinqlər zamanı çoxmənzilli yaşayış binalarının zirzəmilərində və I mərtəbələrində fəaliyyət göstərən restoran, dönərxana və kafelərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olaraq insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə mənbəyi olan propan qaz balonlarından istifadə halları aşkar edilib.Gəncə Regional Yanğın Nəzarəti İdarəsinin nümayəndələri belə sahibkarlıq subyektləri və əməkdaşları ilə söhbətlər apararaq təhlükəsizlik tələblərini izah ediblər. Onları yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağıraraq bazar və yarmarkaların ərazisində, çoxmənzilli yaşayış binalarının zirzəmi və kürsü mərtəbələrində propan qaz balonlarının saxlanılması və istifadəsinin qadağan olduğunu bildiriblər.
Natiq Piriyev - Gəncə Regional Yanğın Nəzarəti İdarəsinin rəisi: Aparılan yoxlamaların nəticəsi olaraq artıq bir neçə obyektdə propan qaz balonlarından istifadə olunmadığı aşkarlandı. Bu gün aparılan monitorinqlər zamanı heç bir inzibati tədbir görülmür. Bu gün yalnız maarifləndirməklə, ilkin xəbərdarlıq edirik. Gələcəkdə bu cür hallar aşkarlanarsa inzibati qaydada tədbirlər görüləcək.
Monitorinqlər zamanı aşkarlanan bütün qaz balonları iaşə obyektlərindən çıxarılıb. İdarə əməkdaşları daha əvvəl montorinqlərin keçirildiyi digər iaşə obyektlərinə də baş çəkib, oradakı mənzərə ilə də tanış olublar.
Natiq Hüseyn
- Baxış: 56