• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 926
— 06.09.2024 18:57

Yeni mövsüm öncəsi "sarı-göylər"də köklü dəyişikliklər

KepezTV Player

Ardıcıl 3-cü mövsüm Azərbaycan Basketbol Liqasında şəhərimizi təmsil edəcək "Gəncə" klubunda köklü dəyişikliklər həyata keçirilir. Komandaya yeni baş məşqçi təyin olunub, yaxın vaxtlarda heyətə əcnəbi və yerli oyunçular cəlb ediləcək.

Komandada demək olar ki, ötənilki heyətdə yer alan və müqaviləsi başa çatan oyunçuların çoxu ilə yollar ayrılıb. “Gəncə” 6 əcnəbi və 4 yerli oyunçu ilə yeni müqavilə bağlamayıb. Həmçinin baş məşqçi Bedri Meriçlə də anlaşma yenilənməyib. Komandanın sükanı arxasına yeni çalışdırıcı gətirilib. 1 illik müqavilə bağlanan türkiyəli mütəxəssis Halil Atlı qarşıdakı mövsümdə gəncəlilərin uğurları üçün çalışacaq. Yeni baş məşqçi həm liqada, həm kubokda iddialı olacaqlarını deyib.

Halil Atlı- “Gəncə”nin yeni baş məşqçisi: “Gəncə ilk mövsüm kubok qazanan bir komandadır. Daha sonra pley-offda oynayıb. Keçən mövsüm bir az hədəflərinin gerisində qalıb. Liqanı ən yüksək nöqtədə bitirmək istəyirik. Sonrakı mərhələlərdə rəqiblərimizə görə hazırlaşıb, liqanı ən yaxşı şəkildə tamamlamaq arzusundayıq. Kubok da çox vacibdir. Mövsümün ortasında müəyyən bir vaxtda oynanacaq. Kubokda da ən yaxşı şəkildə Gəncəni təmsil etmək istəyirik”.

Çalışdırıcı transferlərdən də danışıb. Heyətdə görmək istədikləri oyunçuların böyük qismi ilə anlaşdıqlarını bildirən məşqçi, adını açıqlamadığı Azərbaycan milli komandasının formasını geyinən 2 yerli oyunçunun heyətdə yer alacağını söyləyib. Halil Atlı əcnəbi basketbolçuların keçidini də həll etdiklərini ifadə edib.

Halil Atlı- “Gəncə”nin yeni baş məşqçisi: “Deyə bilərəm ki, transferlərimizin bir çoxunu tamamlamışıq. Bunu yaxın zamanda sosial mediamız vasitəsilə açıqlayacağıq. Bu il keçən mövsümə nisbətən üst səviyyə liqalarda oynayan əcnəbiləri seçdik. Xaricilərin çoxu Amerika vətəndaşıdır. Son bir transferimiz də var ki, onunla danışığımız gedir. Həmin basketbolçu kanadalı ola bilər”.

Komandanın yeni baş məşqçisi ev oyunlarını keçirəcəkləri Gəncə İdman Sarayı haqqında da fikirlərini bildirib. Mütəxəssis geniş imkanları olan idman qurğusunda yaxşı mövsüm keçirəcəklərinə inandıqlarını deyib. 

Halil Atlı- “Gəncə”nin yeni baş məşqçisi: “Gəncənin çox yeni bir kompleksi var. İdman Sarayı. Basketbol zalını gördüm. Həqiqətən möhtəşəm zaldır. Tutumumuz daha çox olacaq. Orada azarkeşlərimiz daha yaxşı şəkildə komandamıza dəstək ola biləcək. Daha yaxşı, gözəl bir mühitdə, daha yaxşı bir komandanı dəstəkləmə fürsətləri var. Onların da güclü dəstəyini arxamızda hiss etmək bizim üçün çox önəmlidir. Bu tərəfdən qarşıdakı mövsümün çox yaxşı keçəcəyinə inanıram”.

Bu arada “Gəncə”nin baş məşqçisinin köməkçisi də bəlli olub. Bu, son iki mövsüm komandanın məşqçilər korpusunda yer alan Rizvan Səfərovdur. Azərbaycan Basketbol Liqasında yeni mövsümə oktyabrın ortalarında start veriləcək. Cari il çempionatda ötən mövsümdən fərqli komanda sayı artırılaraq 12-yə çatdırılıb.

Orxan Cəfərzadə