• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1795
— 06.09.2024 19:43

Prezident önəmli mesajlar verib

KepezTV Player

Artıq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi mətninin təxminən 80 faizi razılaşdırılıb. Bunu Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxışı zamanı bildirib. Azərbaycanın irəli sürdüyü təşəbbüsün sülh sazişinin imzalanması ilə nəticələnəcəyinə ümidvar olduğunu açıqlayıb. İtaliyanın Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşı olduğunu vurğulayan prezident, Cənub Qaz Dəhlizinin bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini diqqətə çatdırıb.

"Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar onu deməyə əsas verir ki, yaxın zamanda sülhə nail olmaq mümkündür və artıq sülh müqaviləsi mətninin təqribən 80 faizi razılaşdırılıb". Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxışı zamanı torpaqlarımızın 30 illik işğal tarixinə toxunaraq xatırladıb ki, həmin dövrdə beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının mütləq icra edilməli olan dörd qətnaməsinin olmasına baxmayaraq, işğal davam edib. ATƏT-in bu məsələ ilə məşğul olması üçün xüsusi qrup təsis etdiyini deyən prezident, həmin qrupun 28 il ərzində faydalı iş görmədiyini vurğulayıb. İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olmuşuq. Bəli, bu, kiçik bir addımdır. On üç kilometrlik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək”.

Azərbaycan və İtaliyanın uzun illərdir, strateji tərəfdaş olaraq fəaliyyət göstərdiyini və əlaqələrinin bütün sahələri əhatə etdiyini deyən dövlət başçısı bildirib ki, iki ölkə arasında 10 illik dövrə söykənən müntəzəm siyasi təmaslar mövcuddur. Təkcə ötən il ölkələr arasında, ticarət dövriyyəsi 16 milyard dollara çatıb.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Təkcə enerji sektorunda deyil, digər sektorlarda da Azərbaycan İtaliyanın bir nömrəli neft və iki nömrəli qaz təchizatçısıdır. Bu, bizim əməkdaşlığımızın mühüm sahəsini təşkil edir. Enerji təchizatı bu gün onu açıq şəkildə nümayiş etdirir ki, ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır. Azərbaycandan İtaliyaya uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Bu gün 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin yeddisi Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır”.

Dövlət başçısı ölkəmizdə fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetinin fəaliyyətinə də toxunub. Təhsil müəssisəsini iki ölkə arasındakı əməkdaşlığın şaxələndirilməsinin bariz nümunəsi adlandıb.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “İtaliyanın beş aparıcı universitetinin Azərbaycanda olan tərəf müqabilləri ilə birgə təhsil ocağı təsis etdik. Orada təhsil almağa başlayacaq tələbələr Azərbaycan ilə İtaliya arasında təbii körpü rolunu oynayacaqlar. Onlar italyan dilini daha səlis biləcəklər. İtaliyanın tarixi irsini və mədəniyyətini də daha dərindən öyrənəcəklər”.

Qeyd edək ki, bu  Prezident İlham Əliyevin 2020-ci ildən bu yana İtaliyaya sayca 3-cü səfəridir.

Azad Mustafayev