• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2180
— 03.09.2024 18:02

Sərbəst güləşçi mundialın mükafatçısı olub

KepezTV Player

Sərbəst güləşçi mundialın mükafatçısı olub

Gəncəli sərbəst güləşçi dünya çempionatında uğur əldə edib. Hüseyn İsmayılov 17 yaşadək güləşçilər arasında keçirilən mundialda mükafatçılar sırasına düşüb.

İordaniyanın paytaxtı Ammanda təşkil edilən yarışda Nizami yurdunun yetirməsi milli komandanın tərkibində 60 kq çəkidə çıxış edib. Hüseyn 1/8 finalda britaniyalı, ardınca isə İrandan olan rəqibini mübarizədən kənarlaşdırıb. Həlledici görüşə bərabər yarımfinal qarşılaşmasında erməni güləşçini də məğlub edən 16 yaşlı pəhləvan finalda qırğız idmançı ilə üz-üzə gəlib. Bu görüşdə isə müəyyən səhvlərə görə uduzaraq gümüş medala yiyələnib.

2 dəfə Avropa ikincisi olan Hüseyn İsmayılovun şəxsi məşqçisi Səbuhi Məmmədov yetirməsinin çıxışını qənaətbəxş hesab edib. Ancaq gələcək yarışlarda onun gümüş medalları qızıla çevirəcəyinə inandığını deyib.

Hüseyn İsmayılov növbəti sınaq qarşısındadır. Cavadxan yurdunun güləşçisi oktyabrda yığma ilə birgə Bəhreyndə beynəlxalq turnirdə iştirak edəcək.

Orxan Cəfərzadə