Yay mövsümü başlayandan günvurma ilə bağlı TƏBİB-in tabeliyində olan Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə müraciətlərin sayında artım müşahidə olunub. Avqust ayı ərzində günvurma şikayəti ilə müraciət edən vətəndaşların əksəriyyəti isə yaşlı nəslin nümayəndələri olub.
Gülnarə Həşimova - Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin həkimi: Həmişə bizə günvurmayla əlaqədar və istivurmayla əlaqədar müraciətlər daxil olur. Biz bununla ən çox küçələrdə, içtimai yerlərdə rastlaşırıq.Ürəkbulanma olur, gözlərində qaralma olur xəstənin, huşunu ani olaraq itirir.Yaxud uzunmüddətli ,bir neçə dəqiqəlik huşunu itirir. Ən ağır günvurmalarda qıcolmalara da rast gəlinir.
Təbii ki, açıq havada olmaq imkanından yararlanmaq sağlamlığın açarlarından biridir. Ancaq, eyni zamanda, isti günlərdə diqqətli olmalıyıq. Əgər insan uzun müddət istidə və ya günəş şüaları altındadırsa istivurma və ya günvurma baş verə bilər.
Ülviyyə İmanova - şəhər sakini: Çalışıram günün altında çölü çıxmayam. Üzümə, dərimə qoruyucu krem vururam.Bacardıqca günorta çıxmıram amma məcbur olduğum zaman gün qoruyucu kremlərdən istifadə edirəm.
Sevda İbrahimova - şəhər sakini: Günün altında çıxmaq olmaz. 12 dən sonra 3- ə qədər bayırda olmaq olmaz. Günvurma baş verərə yoxsa. Sudan çox istifadə etsinlər, çətir götürsünlər özləriylə başqa nə etmək olar?
Elmar İbrahimov - şəhər sakini: Biz də özümüzü gündən belə qoruyuruq ki günortalar çox vaxt çıxmırıq.Çıxmadıqdan sonra da özümüzü qoruyuruq. Günortalar çıxmasınlar,gözləmək lazımdır. Ya sərin bir yerdə, ağacın altında durmaq lazımdır.
Hüsniyyə Məmmədova - şəhər sakini: Birinci növbədə çalışsınlar kölgədə olsunlar, bol maye qəbul etmək lazımdır. Gözdə eynək və çətirdən istifadə etmək lazımdır. Bu yolla qorunmaq olar.
İstivurma və ya günvurma ilk növbədə beyin, ürək-damar, tənəffüs sistemi və digər orqanlara təsir edir. Bu təsirlərindən yan keçmək üçün isə sadə qaydalara riayət etmək vacibdir.
Şirxan Vəliyev - terapevt: Qorunma yolu günəş şüalarının altında uzun müddət qalmamaqdan keçir. Xüsusən də günəş şüalarının intensiv olduğu vaxtlarda. Günorta saat 1-2- dən sonrakı müddətdə.Günəş şüaları 90 dərəcə bucaq altında düşdüyü zamanlar.Başımızı gün şüalarının uzun müddət təsirindən qorumalıyıq.İlk yardım olaraq birinci mütləq şəkildə gün vuran şəxs, gün şüalarının təsirindən uzaqlaşdırılmalı,kölgəyə,mümkünsə sərin bir yerə çıxarılmalıdır.Bol maye qəbul etdirilməlidir və ilkin tibbi yardım briqadası mütləq çağırılmalıdır.
Bəzən insanlar günvurma ilə istivurma hallarını qarışdırır, bunun eyni şey olduğunu zənn edirlər. Həkimlər bu halların bir-birindən fərqləndiyini deyirlər.
Şirxan Vəliyev - terapevt: Biz günvurma ilə istivurmanı bir birindən diferensasiya etməliyik.Çünki istivurma fərqli bir şeydir.İstivurma termal halın, yəni istinin orqanizmə ümumi təsiri nəticəsində realogiyanın pozulmasıdır. günvurma isə günəş şüalarının , yəni şüanın təsir etdiyi mərkəzi sinir sisteminin patalogiyasıdır.
Günvurmanın ağırlıq dərəcəsi təkcə ətraf mühitin temperaturundan deyil, eyni zamanda, istiliyin orqanizmə təsir müddətindən də asılıdır. Hələ ki havaların isti keçməsini nəzərə alaraq, özümüzü günvurmadan və istivurmadan, bu halların ağır nəticələrindən mümkün qədər qorumalıyıq.
- Baxış: 260