2022-ci ilin martın 3-də Laçın rayonunda itkin düşən Azərbaycan Ordusunun əsgəri 2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğlunun cənazəsi Gəncəyə gətirilib. Onun yaşadığı ünvanda vida mərasimi keçirilib. Mərasimdə həlak olan hərbi qulluqçunun doğmaları ilə yanaşı, rəsmi şəxslər, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri də iştirak edib. Vida mərasimindən sonra dəfn üçün cənazə Gəncənin Şəhidlər Xiyabanına gətirilib. Firdovsi Abdullayev 2003-cü il fevralın 9-da Goranboy rayonunda anadan olub. Abdullayev və əsgər yoldaşı, 2003-cü il təvəllüdlü Fərid Əjdər oğlu Məmmədov 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüblər. Onların meyitlərinin qalıqları 2024-cü il iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılıb. Hərbi orkestr tərəfindən Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, yaylım atəşi açılıb. Şəhər icra hakimiyyətinin başçısı tərəfindən həlak olan hərbi qulluqçunun atasına 3 rəngli dövlət bayrağı təqdim olunub.
Mais Abdullayev - həlak olan hərbi qulluqçunun atası: “Allah prezidentimizin canını sağ eləsin ki, göstərişi Verdi, mənim uşağımın tapılmağına kömək elədi. Mənim uşağımı göndərdilər, son mənzilinə yola saldıq. Allah rəhmət eləsin şəhidlərimizə də, qazilərimizin də canını sağ eləsin!”
Baris Abdullayev - həlak olan hərbi qulluqçunun əmisi:” Dövlətimizə, millətimizə, hər birinə minnətdarıq ki, bu 2 il yarımda bizi tək qoymadılar. Şəhid anaları, qazilərimiz, bütün qurumlar, hər birinə minnətdarıq ki, bizim yanımızda oldular. Başda cənab prezidentimiz İlham Əliyevə təşəkkürümüzü bildiririk ki, daima xalqını, millətini, şəhid ailələrini, qazilərini diqqətdə saxlayır və qayğısını çəkir”.
- Baxış: 383