• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 709
— 26.07.2024 19:59

Onlayn mağazaların yeni fırıldağı

KepezTV Player

Hazırda insanların böyük əksəriyyəti mağazalara getmədən onlayn alış-verişə üstünlük verirlər. Bununla onlar həm də zamanlarına qənaət edirlər. Amma zamana qənaət edərkən bəzən dələduzluğun qurbanı ola bilirlər.

Son dövrlər onlayn dələduzluq hallarının artdığının və bu halın getdikcə çoxaldığının şahidi oluruq. Artıq onlayn ödəmə mənbələri çox olduğundan, bəzi istifadəçilər üçün çaşdırıcı və bəzi dələduzlar üçün qazanc yeri ola bilir. Belə ki, özlərini rəsmi ödəmə sistemlərinə və onun kooperativ interfeysinə oxşadaraq, insanları aldatmağa çalışanların sayı artıb. Onlayn alış-veriş zamanı dələduzlar artıq insanların kart məlumatlarını ələ keçirməkdən daha çox, ödəniş olduqdan sonra istifadəçiləri blok edərək necə deyərlər aradan çıxmağa çalışırlar.

Samir Layıcov- sakin: “Elə bu halların biri də mənim qardaşımda olubdur. Alış-veriş vaxtı baxdıq ki, 30 manat pul çıxdı. Bundan sonra biz də şikayət edə bilmədik. Getdik, məcburən kartı bağlatdırdıq. Bununla bağlı tədbir görülsə yaxşı olar”.

Taleh Bəhramlı- sakin: “İnternetlə alış-veriş olub. Ödəniş vaxtı kart nömrəsi göndərilməlidir. Deyirlər ki, kartınızda problem var, 3 rəqəmli şifrəni də istəyirlər. O şifrə də verildikdə artıq kart tam olaraq həmin şəxsin əlinə keçir. Ödənişi alırlar və mal çatdırılmır, həmin şəxsi də blok edirlər”.

Fuad Məmmədov- sakin: “Onlayn olaraq kompüter sifariş vermişdim. Sifarişi verdim və ödənişi də etdim. Bizim çatdırılma şirkəti ilə gəlməli idi. Lakin çatdırılma şirkəti mənə bildirdi ki, kompüter onların bazasına gəlməyib. Mən mağazaya da müraciət etdim. Onlar da dedi ki, biz göndərmişik. Ancaq ortada yoxa çıxıb. Nəticə etibarilə yəni 750 manat ziyana düşdüm”.

Tahir Verdiyev- sakin: “Görüntülü olaraq internet üzərindən yox, malı görərək, o yeri tanıyaraq, insanları tanıyaraq alsalar daha yaxşı olar. Çünki səhərisi gün o insanı görmüşəm və tanıyıram, sözümü deyə bilərəm. Amma onlayn olaraq nəsə aldıqda heç kimi tapmırlar. Onlar da bloka atırlar, hər şey batır”.

Onlayn alış-veriş zamanı kifayət qədər insan artıq sözügedən dələduzluğun qurbanına çevrilib. Mütəxəssislər bu kimi halların baş verməməsi üçün istifadəçilərin bir neçə qaydalara əməl etmələrini bildirirlər.

Kənan Əliyev- sosial media mütəxəssisi: “Hal-hazırda sosial şəbəkələrdə dələduzluq baş alıb gedir. İnsanların gözünə çox da çarpmasa da, hal-hazırda həddindən artıq çoxdur. Hər hansısa bir alış-veriş proqramına daxil olurlar, ordan nə isə alış-veriş etmək istəyirlər və ya nömrələrinə kod gəlir və bu kodun həmin alışverişlə bağlı olduğunu düşünüb, kodu yazırlar və ya atılan linklərə daxil olurlar və nəticədə bloklanma halları da yaşanır. Artıq onların məlumatları oğurlanır və nəticədə kartlarından pullar çəkilir. Qorunmaq yolları əsas odur ki,  bank kartlarını heç kimlə bölüşməsinlər, bilmədikləri səhifələrdən alış-veriş, sms və ya link gəldikdə ümumiyyətlə, o mesaja baxmayıb, birbaşa silmələri məsləhətdir”.

Son aylarda Daxili İşlər Nazirliyi tərəfindən verilən rəsmi açıqlamaya əsasən, kifayət qədər vətəndaşa aid bank məlumatları ələ keçirilib. Bu isə kifayət məbləğdə pulun ələ keçirilməsi ilə nəticələnib. Hüquq mühafizə orqanları tərəfindən bu kimi kibercinayətkarlığa qarşı mütəmadi olaraq müxtəlif tədbirlər görülür.

Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Bununla bağlı DİN hər gün əhaliyə çağırışlar edir, profilaktik görüşlər keçirir. Bildirilir ki, internet üzərindən tanınmayan, bilmədikləri mağazalardan alış-veriş etməsinlər. Bu zaman dələduzluğun qurbanı olurlar. Belə ki, vətəndaşlar pulu ödədiyi hər hansı bir əşya ya çatdırılmır, ya da onların bank kartlarının məlumatları artıq üçüncü nəfərin əlinə keçir, bu zaman da kibercinayətin qurbanı olurlar. Keçirilən müvafiq tədbirlər nəticəsində artıq vətəndaşların pulunu mənimsəyən, dələduzluq edən şəxslər müəyyənləşdirilir və barələrində qanunamüvafiq tədbirlər görülür”.

Vətəndaşların onlayn alış-veriş dövriyyəsinə daha çox üz tutması, bu prosesin rahat olması, vaxt və ən əsas da az vəsait hesabına başa gəlməsidir. Sadalananlar onlayn ticarətin müsbət tərəfi olsa da, insanları gözləyən risklər artmaqda davam edir. Yeganə çıxış yolu isə məlumatlı olmaq və etibarlı platformalardan istifadə etməkdir.

Pərvin Abbaszadə