Vətəndaş banka kredit üçün müraciət etdikdə bir çox hallarda zamin duran şəxs tələb olunur. Lakin zaman keçdikcə insanlar bir-biri üçün zamin olmaqdan da çəkinirlər. Çünki vətəndaş vəfat etdikdə və ya krediti ödəmədikdə çətinlikdə qalan zaminlər olur. Artıq bu problemin həlli üçün də addımlar atılıb. Belə ki, istehlak krediti götürən fiziki şəxslərin həyatının sığortalanması nəzərdə tutulub. Bu yeniliyin bank sisteminə və kredit sahəsinə təsirindən danışacağıq.
Məlumdur ki, bank tərəfindən vətəndaşa verilən kredit məbləği müəyyən vaxt intervalına bölünür. Bəzən bu müddət başa çatmadan kredit götürən şəxs məbləği ödəyə bilmir və ya vəfat edir. Belə olduqda ilk növbədə həmin şəxsin kredit alan zaman təqdim etdiyi təminatlara baxılır. Əgər təminat yoxdursa və ya ödəmə qabiliyyətinə malik deyilsə, kreditin ödənilməsində kredit sahibinin hüquqi varisləri varsa, onlar cavabdeh olurlar. Bu isə bir çox halda digər şəxslər üçün problemlər yaradır.
Şəhər sakini: “Zamin durmuşam, götürmüşəm. Amma son 15 ildir eləmirəm. Çünki məni aldadıblar. Öz yaxın tələbə yoldaşım. Onun ziyanını çəkmişəm”.
Şəhər sakini: “Təklif olunub, zamin durmamışam. Çünki görürəm, ödəmirlər, zaminin boynunda qalır”.
Şəhər sakini: “Bizim ailəmizdə zaminlik var idi. Getdi Bakıya, işdən də çıxdı. Onun hamısının pulunu bizdən çıxdılar. Məbləğ tamamilə bitdi, sonra bağlandı”.
Şəhər sakini: “Qohumlarda olub, eşitmişəm. Ödəməyiblər. Məcbur olub zamin duran ödəyib. Ona görə də indiki zəmanədə zamin durmaq təhlükəlidir”.
Yenilikdən sonra bütün bu problemlər aradan qalxacaq və zaminliyə tələb xeyli azalacaq. Çünki əgər kredit götürən şəxsin həyat sığortası varsa, bütün təminat sığorta şirkətinin üzərinə düşəcək.
Emil Ağabağırov- Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü: “İstehlak krediti götürən şəxslərin həyatlarının sığortalanması bir çox üstünlükləri verəcək. Xüsusilə qeyd edim ki, kredit müddəti ərzində vətəndaş əlillik dərəcəsi alarsa və ya dünyasını dəyişərsə sığorta şirkətləri tam olaraq təminatı öz üzərlərinə götürürlər. Eyni zamanda biz bilirik ki, əgər vətəndaş əlilik dərəcəsi alarsa təbii ki, maliyyə çətinlikləri ilə üzləşə bilər və bütün bu çətinliklərlə üzləşməsin deyə həyatlarının sığortalanması olduqca vacibdir”.
Yeni qərar həm də banklar üçün müsbətdir. Çünki dəyişiklik uzun çəkən zaminlik məsələlərini həll etməyə yardımçı olacaq”.
Emil Ağabağırov- Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü: “Həyatların sığortalanması eyni zamanda kredit təşkilatları üçün də olduqca vacib bir məsələdir. Çünki bilirik ki, kredit götürən şəxs sığortası olmadığı halda bu, həm kredit təşkilatları üçün risklidir, həm də kredit götürən şəxlər üçün. Və ona görə hər iki tərəfdən hər iki məsələ üçün həyatın sığortası olduqca vacib bir məsələdir”.
Dəyişiklikdən sonra bank sistemində müəyyən irəliləyişlərin qeydə alınacağı düşünülür. Bankların istehlak kreditinə olan marağı bir qədər də artacaq. Çünki biləcəklər ki, üzləşəcəkləri problemi sığorta kompensasiya edəcək. Beləliklə, istehlak kreditlərinin həcmi böyüyəcək. Bu da faizlərin aşağı düşməsinə gətirib çıxara bilər.
Aişə Rzayeva
- Baxış: 372