Hazırda Cəbrayıl, Qubadlı və Zəngilanda bir neçə kəndin, şəhər mərkəzlərində yaşayış komplekslərinin layihələndirilməsi və inşası işləri davam edir. Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov brifinqdə bildirib ki, Zəngilan şəhər Yaşayış kompleksinin - 104 mənzildən ibarət 2-3 mərtəbəli binaların tikintisinin bu ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Cahangirbəyli kəndində də 242 fərdi yaşayış evindən ibarət yaşayış məskənində yenidənqurma işləri aparılır.
Növrəs Cəfərov- Xidmətin icraçı direktoru: “Kənd ərazisində, paralel olaraq, məktəb, bağça, inzibati bina, tibb məntəqəsi, bazar kompleksinin inşası gedir. Burda həmçinin, Alıbəyli, Zəngilan kəndi, Mincivan qəsəbəsinin layihələndirmə işləri də aparılır. Cəbrayılda vaxtilə öz kəhrizləri ilə məşhur olan Horovlu kəndinin də ilkin mərhələsinin tikintisi bu ilin sonlarında yekunlaşacaq. Kəhrizlərin böyük əksəriyyəti isə artıq bərpa olunub. Cəbrayıl şəhərində İnzibati binanın, Xudafərin qəsəbəsi, Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı, Soltanlı kəndlərinin layihələndirməsi davam etdirilir. Mahruzlu və Zilanlı kəndlərində tikinti işləri yüksək templə həyata keçirilir. Qubadlının digər kəndi - Xanlıqda artıq şaquli planlama işlərinə başlanılıb. Muradxanlı, Hal, Həmzəli kəndlərində, həmçinin Qubadlı şəhər inzibati binasında, yaşayış kompleksində də layihələndirilmə işləri davam edir. Qubadlı şəhərindəki yaşayış kompleksinin tikintisinə bu ilin sonlarında start veriləcək”.
Vüsalə Cənnətova
- Baxış: 334