• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 915
— 12.07.2024 18:10

Azərbaycan Prezidenti və Pakistanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər

KepezTV Player

Bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən olub. İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. Bu fikirləri Prezident İlham Əliyev iyulun 11-də İslamabadda Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib. Bildirib ki, Azərbaycan Cəmmu və Kəşmir əhalisinin hüquqlarını qətiyyətlə dəstəkləyir.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq”.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif da qeyd edib ki, Pakistan həmişə Azərbaycanın Qarabağla bağlı mövqeyini dəstəkləyib və Azərbaycanın qələbəsi ədalətin hərtərəfli təntənəsinin nümunəsidir. 

İslamabadda Pakistan Prezidenti Asif Əli Zərdarinin adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin İslamabadda Pakistan Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü də olub. Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə torpaqlarımız işğal altında olduğu dövrdə Pakistanın ölkəmizə siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirilib. Dövlətimizin başçısı Pakistan Prezidentini COP29-a dəvət edib. Ölkələr arasında iqtisadi-ticari əlaqələrin, investisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri də müzakirə olunub.

Prezident İlham Əliyev Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasının ərazisindəki “Milli Aerokosmik Elm və Texnologiya Parkı”nda hərbi sərgi ilə də tanış olub.

Azərbaycan Prezidentinin Pakistana dövlət səfəri başa çatıb.

Vüsalə Cənnətova