• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 791
— 01.07.2024 18:40

COP29-a daha bir töhfə - veloyürüş

KepezTV Player

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edəcək Azərbaycanda müxtəlif ekoloji aksiyalar təşkil olunur ki, buna daha biri əlavə olunub. Söhbət Naftalan-Suqovuşan-Naftalan marşrutu üzrə keçirilən veloyürüşdən gedir. Yürüşün məqsədi ətraf mühitin mühafizəsi, yaşıl artım və sağlam həyat tərzinin geniş ictimaiyyətə aşılanması olub. 

Naftalan şəhər İcra Hakimiyyəti, Gənclər Fondu və Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə veloyürüş reallaşıb. Naftalan- Suqovuşan-Naftalan marşrutu üzrə nəzərdə tutulan yürüşdən öncə rəsmi hissə baş tutub. İdman və ekoloji əhəmiyyət daşıyan tədbirin əhəmiyyətinə toxunulub. Velosipedin idman etməklə yanaşı ekoloji cəhətdən sağlam nəqliyyat vasitəsi kimi qəbul edildiyinə diqqət çəkilib. Son illər ölkəmizdə avtomobil yollarına paralel olaraq velosiped zolaqlarının da salındığının geniş vüsət aldığı xüsusi qeyd edilib.

Qədir Xəlilov- Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən: “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Gənclər Fondu tərəfindən indiyədək müxtəlif layihələr təşkil olunub və gənclərlə birlikdə müxtəlif işlər görülüb. Bu, nəinki paytaxtda, eyni zamanda regionları da əhatə edir ki, məhz bunun nəticəsində bu gün Naftalanda gənclər arasında ekoloji biliklərin daha da çoxaldılması, onların işlərinin daha zövqlü və asudə vaxtlarının təşkili ilə bağlı belə bir veloyürüş təşkil etdik. Azad olumuş torpaqlarda belə tədbirlərin təşkilini xüsusi olaraq təlqin edərək, həmçinin gənclər arasında ekoloji təbliğat hislərini həyata keçirəcəyik”.

Vüqar Salahov- Velosiped Federasiyasının İcraiyyə Komitəsinin üzvü: “Bu gün çox sevincliyik ki, velosipedçilər olaraq işğaldan azad olunan məkanlara biz velosipedlə gedirik. Əsas məqsədimiz nəqliyyat vasitəsi kimi hər kəsin velosipeddən istifadə etməsini tövsiyə etməkdir. Velosiped sağlamlıqdır, ekoloji tərəfdən təmiz nəqliyyat vasitəsidir. Ona görə də düşünürəm ki, veloyürüş ölkəmizdə keçirilən COP29-a töhfədir”.

Veloyürüş Naftalan şəhərində start götürüb. 20-yə yaxın iştirakçı aidiyyatı qurumların müşayiəti ilə Suqovuşan istiqamətində yola düşüblər. Pedal sahibləri Qaşaltı Qaraqoyunlu və Tapqaraqoyunlu kəndlərindən keçməklə işğaldan azad edilən ərazilərə doğru irəliləməklə Suqovuşan qəsəbəsinə və eyniadlı su anbarına gəliblər. Burada az bir müddətdə təbiəti seyr edərək şəkil çəkdirdikdən sonra eyni marşrut üzrə Naftalana tərəf hərəkəti davam etdiriblər. Təxminən 50 km-dən artıq məsafə qət edən iştirakçıların ən gəncinin 15, ən yaşlısının 60 yaşı olub.

Ayxan Bədəlli- veloyürüş iştirakçısı: “Mənim 15 yaşım var. Mən çox şad oldum ki, bu veloyürüşdə iştirak etdim. Mən və komandam üçün bu, böyük təcrübə oldu. İnşallah, belə veloyürüşlər daha çox olar. İkinci dəfədir ki, mən Suqovuşana gedirəm. Ora doğrudan da çox gözəl bir yerdir. Bizim ordumuzun köməyi ilə Suqovuşanı azad etmişik. Hər kəsin borcudur ki, ora getsin, gəzsin, gözəllikləri görsün”.

Firdovsi Kərimov- veloyürüş iştirakçısı: “Təəssüratlar təsvir edilməyəcək qədər möhtəşəmdir. Həqiqətən bu ərazilərdən keçəndə müxtəlif hisslər keçirirdik- xoşbəxtlik hissi. Ancaq təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin! Müzəffər ordumuza müzəffər ali baş komandanın rəhbərliyi altında qüvvət versin!”

Veloyürüş iştirakçılarına Naftalan şəhər İcra Hakimiyyəti tərəfindən təşəkkürnamə və sertifikatlar təqdim olunub. Xatırladaq ki, 3 il öncə Naftalanda velosiped həvəskarlarının daha rahat hərəkəti üçün 7 km uzunluğunda veloyol çəkilib.

Orxan Cəfərzadə