Ölkəmiz inkişaf etdikcə Xəzəryanı qonşu ölkələrlə və digər regionlarla güclü iqtisadi bağlantı üçün qarşımızda yeni çağırışlar durur. Bu baxımdan Asiya İnkişaf Bankı ilə mövcud səmərəli əməkdaşlığın davamı məqsədilə yeni istiqamətlər müəyyənləşdirilməlidir. Bunu Prezident İlham Əliyev Bankın prezidenti Masatsuqu Asakavanı qəbulu zamanı deyib. Dövlət başçısı azad olunmuş ərazilərdə 270 meqavata qədər hidroenerji potensialının yaradıldığını, bunun 500 meqavata qədər artırılması imkanlarının müzakirə edildiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersonu da qəbul edib. İnger Anderson qeyd edib ki, Azərbaycanda keçiriləcək COP29 çox vacibdir. Burada iqlim dəyişikliyi ilə əlaqədar çox ciddi və önəmli qərarların qəbul edilməsi gözlənilir. Metan öhdəliyi, dekarbonizasiya, neft və qaz sənayesinin modernləşdirilməsi istiqamətində ölkəmizdə atılan addımların önəmli olduğu bildirilib. Prezident İlham Əliyev deyib ki, ölkəmiz Qlobal Cənubu təmsil edir. 2019-2023-cü illərdə Qoşulmama Hərəkatının sədri olan və Avropa İttifaqı ölkələri ilə də yaxşı əlaqələrə malik Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında da iqlim dəyişikliyi mövzusunda həmrəyliyin gücləndirilməsi prosesinə öz töhfəsini verəcək.
Vüsalə Cənnətova
- Baxış: 307