• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1099
— 26.06.2024 18:15

Taleyi naməlum olan Milli Qəhrəman

KepezTV Player

“Bayraq adam”. Bəlkə bu ifadə kimlər üçünsə tanış olmaya bilər. Amma 1-ci Qarabağ müharibəsində adından söz etdirən Natiq Qasımovun qəhrəmanlığından az da olsa məlumatlı olanlar bu ifadənin əbəs yerdən yaranmadığının fərqindədirlər. Hələ də sağ və ya ölü olması barədə məlumatın olmadığı Natiq Qasımovun Milli Qəhərman adına layiq görülməsi isə yaxınları üçün bir təsəlli oldu. Silahlı Qüvvələr Günündə igidliyi ilə ad çıxaran cəsur döyüşçünün ailəsinə qonaq olduq, doğmalarının nisgilli sevincinə şərik olduq.

Dursun Qasımova- Milli Qəhrəman Natiq Qasımovun anası: “Dedim ki, əsgərlikdən təzə gəlmisən, mən səni hələ doyunca görməmişəm. Çağırılanda gedərsən. Mən ağladım, dedim, atam da müharibədə gedib, mən onu görməmişəm, səbr elə, yenə gedərsən. Onda bir az mülayimləşdi. Hiss elədim ki, getməyəcək. Aradan 3 gün keçmişdi, Natiq yoxa çıxdı. Kimdən soruşduq, gördüm deyən olmadı. Bir də öyrəndik ki, gedib, müharibədədir”.

Milli Qəhrəman Natiq Qasımovun anası Dursun xanım müsahibə zamanı igid oğlu haqqında nə qədər ağızdolusu danışsa da, gözlərindəki nisgili gizlədə bilmirdi. Çünki 32 illik övlad həsrəti, üstəgəl hələ də nəşinin tapılmaması onun ürəyindəki kədəri simasına yansıdırdı. Amma Natiq Qasımovun qəhrəmanlığına verilən dəyər ona təsəlli verir. Sevincini biruzə verən Dursun Qasımova deyir ki, Milli Qəhrəmanın anası olmaq hər adama qismət olmur.

Dursun Qasımova- Milli Qəhrəman Natiq Qasımovun anası: “Qəhrəman adının verilməsinə ümidimiz varıydı. Axşam oturduğumuz yerdə birdən qonşu zəng elədi ki, rəhbərimiz Natiqə Milli Qəhrəman adı verib. Allah canını sağ eləsin, ona çox təşəkkür edirəm. Çox sevindik, sevincimizin həddi-hüdudu yox idi. Mən qəhrəman anası olduğuma görə fəxr edirəm, qürur duyuram. Elə bilirəm ki, dünya mənimdir. Bununla hər an fəxr edirəm. Hər adama qismət olmur, bu, mənə qismət oldu”.

Natiq Qasımov ailənin ən kiçik övladı olub. Özündən başqa bir qardaş və 2 bacının qəhrəman qardaşı. Qardaşı Nofəl Qasımov Mingəçevirdə, bacıları isə Gəncədə yaşayır. Natiqə Milli Qəhrəman adının verilməsinə sevinən bacıların ən böyük arzuları isə tezliklə onun nəşinin tapılmasıdır.

Nahidə Məmmədova- Milli Qəhrəman Natiq Qasımovun bacısı: “Şükürlər olsun ki, prezidentimiz qəhrəman adı verdi, çox sağ olsun, çox razıyıq. İndi arzumuz odur ki, nəşi tapılsın, bir məzarı olsun. Düzdür, adını daşıyan bulaqlar tikilib, Mingəçevirdə Şəhidlər Xiyabanında itkin düşənlər sıyahısında şəkli var. Biz də istəyərdik ki, məzarı olsun, gedək ziyarət edək, qəbrinə baş çəkək. Arzulayırıq ki, tez zamanda nəşi tapılar, biz də arzumuza çatarıq, Şəhidlər Xiyabanında məzarı olar”.

Kəmalə Heydərova- Milli Qəhrəman Natiq Qasımovun bacısı: “Heç nədən qorxmurdu, çox cəsur uşaq idi. Yaxşı dostları var idi. Dediyini eləyirdi. Müharibəyə də öz bildiyini etdi və getdi. Yenilməz bir uşaq idi, dəcəl idi. Ağzından bir söz almaq mümkün deyildi. Onu erməni girov götürsə belə, bildiyini də danışası deyildi. Buna görə o, öz canından keçərdi, keçdi də”.

Milli Qəhrəmanın bacısının oğlu isə Vətən müharibəsinin iştirakçısıdır. Dayısının qəhrəmanlığından ilhamlanan Elşad Heydərov könüllü olaraq ordu sıralarına yazılıb və torpaqlarımızın əsarətdən xilas edilməsində iştirak edib.

Elşad Heydərov- Milli Qəhrəman Natiq Qasımovun bacısı oğlu: “Özümü dərk edəndən dayımın qəhrəmanlığını eşitmişəm. Böyüdükcə bunu daha da dərk elədim. Onun haqda oxudum, çox şey danışdılar, film də çəkildi. Həvəslənirdim, buna görə də onun üçün ali baş komandan 2020-ci ildə səfərbərlik əmri verənən öz istəyimlə getdim. Düzdür, dayım kimi qəhrəman ola bilməsəm də, onun qısasını aldım. Tərtər-Ağdərə istiqamətində döyüşlərdə iştirak etdim. Fəxr edirəm dayımla, onsuz da qəhrəmanıydı. Amma ad verilməsini də gözləyirdik”.

Natiq Qasımov Xocalı hadisələrindən sonra ordu sıralarına qoşularaq döyüş meydanında düşmənə müqavimət göstərib. Xocalının Pirlər kəndi yaxınlığındakı alban kilsəsinin yerləşdiyi yüksəklikdə 6 cəbhə yoldaşı şəhid olduqdan sonra qarşı tərəfə təslim olmayıb və təkbaşına 5 gün gecə-gündüz vuruşaraq stareji əhəmiyyətli mövqenin alınmasına izin verməyib. Taleyi barədə bu günədək məlumat olmayan igidin qəhrəmalığı haqda hətta film də çəkilib.

Orxan Cəfərzadə