Mobil qurğular çoxlu sayda fərdi və məxfi məlumatları özündə saxlayır və onları kibercinayətkarlar üçün cəlbedici hədəfə çevirir. Əlaqə məlumatları və mesajlardan e-poçtlara, fotoşəkillərə və maliyyə hesablarına girişə qədər, mobil cihaz ciddi nəticələrə səbəb ola bilər. Mobil təhlükəsizliyin təmin olmasının isə bir neçə qaydası var.
Son dövrlər kibercinayətkarlar sayəsində bank kartlarından oğurluq hallarının daha geniş vüsət aldığının şahidiyik. Bu elə mobil telefon istifadəçilərinin təhlükəsizlik problemini də xeyli aktuallaşdırır. Şahidi oluruq ki, bəzən şəxsin xəbəri olmadan mobil telefonundakı məlumatlar üçüncü şəxsə ötürülə bilir. Mütəxəssislər qeyd edir ki, qanunvericilikdə fərdi məlumatların qorunması ilə bağlı hökumətin müəyyən vəzifələri olsa da, ilk növbədə istifadəçinin özü təhlükəsizliyinin qayğısına qalmalıdır.
Şəhər sakini: “Mənə bildiriş gəldi ki, siz bizdən 100 manat məbləğində pul qazandınız. Elə-belə girdim, baxdım ki, görüm nədir? Girəndə tələb etdilər ki adınızı, soyadınızı yazın. Daha sonra gmail istədi. Onun ardından kod istədi. Mən elə bildim ki, özümdən kod yaratmaq lazımdır. Sonradan orda yazdı ki, sizin əsl kodunuz lazımdır. Orda artıq şübhələndim ki, mənim məxfi məlumatlarım oğurlanır”.
Şəhər sakini: “Əsasən xarici, bilmədiyimiz şəbəkələrdir, vifi şəbəkələridir, bluetooth şəbəkələridir bunlara qoşulmamaq lazımdır. Bilmədiyimiz saytlardır, daxil olmamaq lazımdır. Bəzi saytlar var ki, kod, şifrə istəyirlər inanmamaq, aldanmamaq lazımdır. Şəxsi məlumatlarımız oğurlana bilər, bank kartlarımız ələ keçirilə bilər”.
Şəhər sakini: “Telefon təhlükəsizliyinə qarşı, misal üçün, vifi-ni hər şəbəkəyə qoşmaq olmaz, hər saat açıq saxlamaq olmaz. Xarici nömrələr olur ki, zəng edirlər, mesaj yazırlar həmin linklərə girilməməlidir. Yəni bu qaydalara əməl etmək lazımdır. Bir də ki, dövlətin dediyi tapşırıqlar var, onları yerinə yetirmək lazımdır ki, şəxsi məlumatlar, bank kartları oğurlanmasın. Axırıncı dəfə xəbərlərdə göstərmişdilər ki, bank kartlarından böyük məbləğlərdə pullar oğurlanır. Tanışım var, onun başına gəldi- 400 manat pulunu oğurladılar”.
Şəhər sakini: “İstənilən vifi şəbəkələrinə qoşulmamaqla, gələn saxta mesajlara qarşılıq verməmək, xarici nömrələrdən gələn mesajlara cavab verməmək kimi şeylərlə telefonu qorumaq olar”.
Telefon istifadəçisi könüllü olaraq müəyyən şəbəkələrə, mobil tətbiq və proqramlara qoşularkən özü ilə bağlı informasiyaları qeyd edərkən diqqətli olmalıdır. Yəni qoşulduğu mobil tətbiqləri dəqiq araşdırmalı, bu tətbiqin hansı informasiyalar tələb etdiyini, məqsədini öyrənməyə çalışmalıdır.
Sadiq Xudaverdiyev- mütəxəssis: “Mənşəyi bəlli olmayan linklərə daxil olmaq və ya hansısa bir “Play market”dən proqramların yüklənməsi və ya bilinməyən vifi şəbəkəsinə qoşulması. Bu, ən çox hakerlər tərəfindən olunur. Əvvəlcədən hazırlanmış proqramlardır. Bununla belə onlar sizin telefonunuzu ələ keçirdikdə, sizin şəkillərinizdən tutmuş məxfi məlumatlar, bank kartları və digər informasiyalara kimi ələ keçirirlər və bunları öz məqsədləri üçün istifadə edirlər. Qorunma yolları çeşidlidir. Ümumiyyətlə mən tövsiyə edərdim ki, bilmədikləri linklərə, məsələn dövlət müəssisəsindən sms gəldikdə onu belə linkə girmədən maraqlansınlar, həmin qaynar xətlə əlaqə saxlasınlar. Hətta bəzən olur ki, telefon təmirinə telefon əmanət olunanda orda lazımsız informasiyanı əldə edə bilirlər”.
Mütəxəssislər onu da xatırladır ki, istifadəçilərin sosial şəbəkə hesabları, habelə e-maillərə bağlı olan bank hesabları, digər materialları hakerlər tərəfindən ələ keçirilə bilər. İstifadəçilər bu cür məsələlərlə bağlı problemlərlə üzləşdikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron təhlükəsizlik mərkəzinə müraciət edə bilər. Ən əsası, vətəndaşlar bilməlidir ki, başqasının şəxsi məlumatlarını, görüntülərini ələ keçirmək, yaymaq cinayət məsuliyyəti yaradır.
Pərvin Abbaszadə
- Baxış: 261