Azərbaycanda ilk dəfə Samux rayonunda "Ərik Festivalı” təşkil olunub. 15 iyun - Milli Qurtuluş Günü ərəfəsində reallaşan tədbirlə yanaşı, “Aqrar Biznes Festivalı” da keçirilib.
Festivalda Rayon İcra Hakimiyyətinin rəhbərliyi, müxtəlif nazirlik və komitələrin məsul şəxsləri, millət vəkilləri, türkdilli dövlətlərin nümayəndələri və rayon ictimaiyyəti iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. Ardınca Samux Şəhidləri Abidə Kompleksini ziyarət edən qonaqlar torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarını anıblar. Daha sonra iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətinə həsr edilən fotostendlərlə tanış olub, dahi şəxsiyyətin Samux rayonuna səfərləri və zəhmətkeşlərlə keçirdiyi görüşləri əks etdirən fotolara baxıblar. Festival çərçivəsində qonaqlar Samux rayonunda fəaliyyət göstərən təsərrüfat sahəsinə baxış keçirib, istehsal olunan məhsullarla tanış olublar. Həmçinin Qarayeri qəsəbəsində Forer qardaşlarının şərab zavodunda olub, istehsal sahəsi ilə maraqlanıblar. Festivallardan öncə parad keçirilib. Yerli sakinlərin və qonaqların iştirakı ilə müxtəlif sahələri təmsil edən qrupların keçidi olub. Parad izləyicilərin marağına səbəb olub. Samuxda müasir dizaynda yeni salınan parkda təşkil olunan “Ərik Festivalı” və “Aqrar Biznes Festivalında” milli mətbəximizdən təamlar hazırlanıb, fermerlərin yetişdirdikləri ərikdən müxtəlif məhsullar ayrı-ayrı stendlərlə nümayiş etdirilib.
Festivalda sənətkarların və satıcıların stendləri, ustad dərslərinin təqdimatı, məktəblilərin əriklə bağlı hazırladığı əl işləri, rəsmlər maraqla izlənilib.
Samuxda festival çərçivəsində bir sıra məhsullar nümayiş etdirilir ki, bu il əldə olunan məhsuldan ərik şirəsi də qonaqlara təqdim olunur. Həqiqətən də dadlıdır.
Aqrar Biznes Festivalında isə kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlar, müasir yeni texnologiyalar nümayiş olunub, aqrar sahədə fəaliyyət göstərən texnika, gübrə, toxum və dərmanlar sərgilənib.
"Ərik Festivalı” və “Aqrar Biznes Festivalı”nın Samux rayonunda keçirilməsi təsadüfi deyil. Belə ki, Azərbaycanda Ordubaddan sonra ən çox ərik yetişdirilən rayon məhz Samuxdur. Festivalın sonunda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan konsert proqramı təşkil olunub. Bayram konsertinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.
Orxan Cəfərzadə
- Baxış: 306