• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2290
— 24.05.2024 10:42

Yer kürəsinin yeraltı su mənbələri yaxın zamanlarda tükənə bilər

Heç kim üçün sirr deyil ki, Yer kürəsində artıq iqlim böhranı başlayıb. Başlamış iqlim böhranı səbəbilə bütün dünya yüksək hava temperaturu, quraqlıq və meşə yanğınları ilə qarşılaşıb. Bununla belə insanların qlobal istiləşmənin qarşısını almaq cəhdlərinə baxmayaraq onlar son onilliklər ərzində Yer kürəsinin dərinliklərindən təbii yanacaq növlərini əldə etməyə davam edirlər. Alimlər aparmış olduqları yeni tədqiqat çərçivəsində belə qənaətə gəliblər ki, bizim planetimizin həmçinin yeraltı suları da təhlükə altındadırlar. Belə ki, insanlar düşünüldüyündən daha çox yeraltı su əldə edirlər. Alimlərin sözlərinə əsasən ABŞ su böhranının astanasındadır. Ölkənin yeraltı su ehtiyatının böyük hissəsi artıq bu yüzilliyin ortasına kimi tükənmək təhlükəsi altındadır. Mütəxəssislər öz tədqiqatları çərçivəsində 21-ci əsrdə yeraltı suların əldə edilməsi prosesini modelləşdirən ssenarilər tərtib ediblər. Əldə edilmiş nəticələrə əsasən 8 ədəd yeraltı su mənbəyinin növbəti 25 il ərzində tükənməsi ehtimalı 98% təşkil edir. Alimlər güman edirlər ki, yeraltı su mənbələrinin bu dərəcədə tükənməsinə gətirib çıxaracaq əsas səbəb insanların gündəlik həyatlarındakı təbii ehtiyaclarını qarşılamaq istiqamətində daha çox miqdarda yeraltı suyun əldə edilməsi olacaq.

İnsanlar yağışların və qar örtüyünün verə biləcəyindən daha çox miqdarda su əldə edəcəklər. Su ehtiyatına ola biləcək məhdudiyyət isə öz növbəsində suyun qiymətini qaldıracaq və nəticədə bir qayda olaraq qida məhsullarının qiymətlərində də artım müşahidə ediləcək. Hal-hazırda ABŞ-ın ehtiyatında minimum 33 000 trilyon qallon (1 qallon = 3.75 litr) yeraltı su mövcuddur. Məlumdur ki, ölkə hər gün 80 milyard qallon su əldə edir. Mütəxəssislər bildiriblər ki, Yer kürəsinin yeraltı su ehtiyatı bank hesabına bənzəyir. Əgər biz öz bank hesabımıza geri qoyduğumuz vəsaitdən daha çoxunu çıxartmalı olsaq, bank hesabımızda vəsait sürətlə tükənəcək.

Qrunt suları səviyyəsinin ani düşüşü səbəbilə su axınları yox olacaq. Torpaq isə daha da çökərək yollara, tikililərə və digər yerüstü infrastruktura zərər yetirə bilər. Alimlər təyin ediblər ki, hal-hazırda 105 milyon insan pik nöqtələri 2050-ci ilə qədər çatacaq su mənbələrində, 24 milyon insan isə piq nöqtələri 2100-cü ilə qədər çatacaq su mənbələrində yaşayırlar. Bununla belə alimlər qeyd ediblər ki, onların aparmış olduqları bu araşdırma sadəcə tədqiqat xarakterli araşdırmadır. Yəni araşdırma su mənbələrinin dəqiq şəkildə tükənəcəklərini qeyd etmir. O sadəcə mümkün ola biləcək ssenariləri ortaya qoyur.