Azərbaycanda unun topdansatış qiyməti ucuzlaşıb. Hazırda 50 kiloqramlıq un kisəsinin qiyməti 24-27 manat arasında dəyişir. Ancaq təxmini 10 faizə kimi ucuzlaşan qiymətlər çörəyin qiymətinə təsirsiz ötüşüb.
Artıq bir müddətdir ki, unun zavodlardan alış qiyməti ucuzlaşıb. Təxminən 10-15 gün əvvəl ilə müqayisədə hər 50 kq-lıq kisədə 5 manata qədər.
Rəvan Quliyev- satıcı: “10 gün olar bu belə davam edir. 31 manat olan unlar 28 manata düşüb, 29 olanlar 27.50-yə düşüb. Əvvələ baxanda 2- 2.50-yə düşüb. Keçən il ilə müqayisə edəndə - un 44 manata kimi qalxmışdı, 6-7 ay bundan əvvəl 35-36 manat idi. Ondan bu yana baxanda 6-7 manat fərq edir”.
Orxan Abbasov- satıcı: “Yaxın vaxtlardır ki, unların qiyməti enib. 5, 10, 50 kiloluqların hamısında endirimlər var. Qiymətlər 5 kiloluqda 50 qəpik- 1 manat arası düşüb. 50 kiloluqda isə 3-4 manat aşağı düşüb”.
Unun qiymətində 2 həftəyə yaxındır ki, müşahidə edilən fərq bu müddətdə özünü çörəyin satış qiymətində biruzə verməyib. Satıcılar və istehsalçılar bunu əlavə xərclərlə əlaqələndirirlər.
Məryəm Quliyeva- satıcı: “Çörəyin qiyməti uzun müddətdir ki, necə var, elədir - 50 qəpikdir. Unun qiyməti düşsə belə, bunun çörəyə təsiri yoxdur. Unun mağazada da qiyməti enib. Amma çörək yox. Bizə qiyməti necə gəlir, o formada da satışa buraxılır”.
Hökümə Abbasova- çörəkçi: “Qiymətlər belədir ki, bunun içərisinə vurulan mayadır, başqa ərzaqlardır, yol xərcidir, belə şeylərə görə bizə təsir eləməyib. Unun qiyməti cüzi aşağı düşüb deyə, o, bizə fərq eləmir. Amma yenə də düşsə, qiymətlərimizi aşağı salmağa hazırıq”.
Ölkəmiz üçün əsasən taxıl idxalı Rusiya və Ukraynadan həyata keçirilir. Bu ölkələrdən alınan buğdanın ucuz qiymətə başa gəlməsi isə ölkədə istehsal olunan unun qiymətinə təsir göstərib. Bu halın undan hazırlanan məmulatların qiymətində müşahidə olunmamasını iqtisadçı Məsim Abadov bu cür əsaslandırır…
Məsim Abadov- iqtisadçı: “Adətən tələb-təklif münasibəti balansı pozulanda bu halda unun qiyməti, buğdanın qiyməti aşağı düşdüyü üçün istehlakçıların, alıcıların xeyirinə dəyişilməlidir. Lakin çox təəssüf ki, bizdə ancaq iri şirkətlər qiymətdə müəyyən endirimlər edirlər, cüzi halda. Kiçiklər eləmirlər. Onu əsas gətirirlər ki, biz əvvəldən almışdıq, ehtiyat yığmışdıq, baha olmuşdu. İkinci bir tərəfdən orada yanacaq, enerji resursları, işçi qüvvəsi, əmək haqqı bunlar dəyişmədiyinə görə topdan satış qiymətində endirirlər. Pərakəndə satış demək olar ki, dəyişmir”.
Rəqəmlər onu göstərir ki, ötən ilin yanvar ayından bu ilin aprel ayına kimi olan dövr ərzində 50 kiloqramlıq un kisəsinin qiyməti 33,5 % ucuzlaşıb. Amma çörəyin qiymətində ciddi dəyişiklik olmayıb. 1 kiloqram çörəyin qiyməti 1,34 manatdan 1,19 manata düşüb, yəni 11% ucuzlaşıb.
Aişə Rzayeva
- Baxış: 3440