Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatına artıq başlanılıb. Elektron ərizələrin qəbulu 31 iyuladək internet vasitəsilə aparılacaq. Bəs kimlər universitetə qəbul olmaq üçün qeydiyyatdan keçə bilər? Ümumiyyətlə imtahansız tələbə olmaq istəyənlərin şansı nə qədərdir?
Subbakalavrların müsabiqədənkənar bakalavr təhsili almasını təmin edən qərar 2019-cu ildə imzalanıb. Qərara əsasən kollec məzunları ali məktəblərə imtahansız qəbul ola bilirlər. Bunun üçün onlar “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq etməlidilər.
Nəsimi Məmmədov- DİM-in Gəncə Regional Bölməsinin rəhbəri: “Təsdiq olunduqdan sonra respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında ixtisas qrupları üzrə seçimdə istər əvvəlki ilin məzunları, cari ilin abituruyentləri ilə birgə ixtisas etmək hüququ verilir. Subbakalavrlar üçün bilirsiniz ki, bir neçə ildir DİM tərəfindən qəbul həyata keçirilir. Onların əsas qəbul prosesi ondan ibarətdir ki, subbakalavrlar orta ixtisas təhsili müəssisəsində aldıqları təhsil ixtisasına uyğun olan ixtisasları Respublikanın ali təhsil müəssisələrində seçirlər. Subbakalavrların bizə ən çox müraciəti bizim dövlət sifarişli təhsil almaq hüququmuz varmı? Subbakalavrların seçdiyi ixtisası dövlət sifarişli yerə düşürsə təbii ki, subbakalavr da dövlət sifarişli təhsil almaq hüququna malikdir”.
Hər il təxminən 20 minə yaxın orta ixtisas təhsili müəssisəsini bitirən subbakalavr ali təhsil almaq üçün universitetlərə müraciət edirlər. Bu il o siyahıda olanlardan biri də Yusif Əliyevdir. Gəncə Dövlət Regional Kollecinin tələbəsi növbəti təhsilini ali məktəbdə davam etdirmək niyyətindədir.
Yusif Əliyev- subbakalavr: “Mən Regional Kollecdə idman müəllimliyi üzrə oxuyuram. İstəyirəm ki, kollecdən sonra universitetə iş verim. Bir az araşdırdım. Gəncə Dövlət Universitetində ixtisasımı davam edə bilərəm. Ona görə istəyirəm buna davam edim, ali təhsilim olsun”.
Təhsil eksperti Elçin Əfəndi isə deyir ki, son zamanlar kolleclərə üz tutanların sayında artım var. Onların əksəriyyəti isə sırf universitetlərə rahat yol almaq üçün orta-ixtisas təhsili müəssəsinə üz tuturlar.
Elçin Əfəndi- təhsil eksperti: “Subbakalavrlar bu imkandan bir fürsət kimi yararlanırlar. Yəni onlar abituruyent dövründə daha asan yol olaraq kollecə qəbul olmağa üstünlük verirlər. Kolleci növbəti təhsil pilləsinə keçid etmək üçün bir növ körpü kimi düşünürlər. Belə olan halda ümumi iştirakçı sayına baxdıqda 20-30 min subbakalavr müsahibədə iştirak edirdisə, onlardan hardasa 60-70 faizi məhz bu düşüncə əsasında kollec istiqamətində təhsil alan şəxslərdir. Yerdə qalanlar isə sadəcə kollec istiqamətində təhsil üçün maraqlı olan şəxslərdir”.
Ekspert hesab edir ki, bu il subbakalavrlar üçün şanslı il olmayacaq. Çünki həm abituriyent sayı çoxdur, həm də nəticələr yüksəkdir.
Elçin Əfəndi- təhsil eksperti: “Bu il gözləntimiz odur ki, ümumiyyətlə abituriyentlərin say çoxluğu olduğu üçün yenə də subbakalavrların ixtisas qruplarında şansları azdır. O cümlədən 5-ci ixtsas qrupunda da bu il buraxılış imtahanının nəticələri yüksək olduğu üçün subbakalavrların şansı bu ixtisas qrupunda da çox az faiz təşkil edir”.
Ötən il 6592 subbakalavr ali təhsil müəssisələrinə imtahansız qəbul olub. Onlardan 1389 nəfər dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib.
Aişə Rzayeva
- Baxış: 655