• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1775
— 11.05.2024 19:45

Prezident “Xarıbülbül” Festivalında çıxış edib

KepezTV Player

Biz 28 il Şuşasız yaşayırdıq. Həm şuşalılar, həm bütün Azərbaycan xalqı bu illəri mənəvi əzab illəri kimi öz yaddaşlarında saxlayırlar və saxlayacaqlar". Bu barədə Prezident İlham Əliyev “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxışında bildirib. Dövlət başçısı Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan olunması qərarına görə ICESCO-ya, həmçinin ICESCO-ya üzv qardaş ölkələrə təşəkkür edib. Prezident İlham Əliyev Şuşanın dirçəldilməsindən də danışıb.

Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasını İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti kimi qəbul edirik. Şuşada keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edən prezident İlham Əliyev xatırladıb ki, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhəri İslam dünyasının mədəniyyət paytaxtı elan olunub. Dövlət başçısı qeyd edib ki, Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində və daha böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi tanınırdı. 28 il işğal altında olan Şuşanın azadlığına qovuşmasından söz açan prezident İlham Əliyev Şuşanın dirçəldilməsini vurğulayaraq, şəhərdə aparılan abadlıq-quruculuq işlərinə toxunub.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Dünən Şuşa şəhərinin dirçəldilməsi istiqamətində növbəti addım atılmışdır, ilk sakinlər uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıb burada məskunlaşmışlar. Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa, sözün əsl mənasında, dirçəlir. Şuşanın bir çox tarixi və dini abidələri işğal dövründə işğalçılar tərəfindən tamamilə dağıdılmışdır. Hazırda dörd məscid yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır”.

Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir. Prezident İlham Əliyev “Xarıbülbül” festivalının birlik, həmrəylik bayramı olacağına əminliyini ifadə edib.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq. Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin”.

"Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı kimi özünəməxsusluğu var"

Daha sonra çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik deyib ki, Şuşa İslam dünyasının mədəniyyət paytaxtı kimi özünəməxsusluq bayrağını və dühasını daşıyır. Qeyd edib ki, Birinci vitse-prezident, birinci xanım, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Qarabağın başqa yerlərində olduğu kimi, Şuşa şəhərinin abadlaşdırılması, yenilənməsi yükünü də öz üzərinə götürüb.

Salim Bin Məhəmməd Əl-Malik- “ICESCO-nun baş direktoru: “Biz bu işlərin hər yerdə vüsət aldığının şahidiyik. Bu nümunəvi Fond qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir. Biz burada yeni yolları, yaraşıqlı binaları, gözəl hotelləri, yenilənən muzeyləri, xalçaları və məscidləri görürük. Bütün bunlar məsuliyyətin dərk edilməsinə, çağırışa hazır olmağa dəlalət edir. Bu, hərtərəfli inkişaf çağırışıdır”.

Salim bin Məhəmməd əl-Malik qeyd edib ki, ICESCO, Şuşaya irs missiyası göndərib və bu, azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır. Qeyd edək ki, Şuşa 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. 2023-cü ildə isə şəhər, Türk dünyasının mədəniyyət paytaxtı seçilib. Bu il isə İslam dünyasının mədəniyyət paytaxtıdır. Sayca 7-ci dəfə keçirilən “Xarıbülbül” Musiqi Festivalı bu il məhz bu əlamətdar hadisəyə həsr edilib.

Azad Mustafayev