• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1125
— 07.05.2024 19:32

Güclü cüdo ölkələri beynəlxalq təlim-məşq toplanışındadırlar

KepezTV Player

Göygöldə cüdo üzrə Avropa Kuboku başa çatdıqdan sonra iştirakçı komandalar rayonu tərk etməyiblər. Yerli Olimpiya İdman Kompleksində bu dəfə beynəlxalq təlim-məşq toplanışı başlayıb. 

Ardıcıl ikinci ildir təşkil edilən toplanış yenə kütləviliyi ilə seçilir. Yeniyetmələrin hazırlığında müxtəlif çəki dərəcələrində yer alan 150-dən çox cüdoçu iştirak edir. Ümumi çalışmaların keçirildiyi məşq prosesi həm komandalar arasında təcrübə mübadiləsi, həm də qarşıdan gələn yarışlara hazırlıq xarakterlidir.

Rüstəm Alimli- yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi: “Burada ümumi güləş prosesi gedir. Həm yerdə, həm də ayaq üstə mübarizələr olur. Bütün məşq prosesi bundan ibarətdir. Avropa məktəbi ayrıdır, Azərbaycan məktəbi ayrıdır, Asiya məktəbi ayrıdır. Biz bir-birimizlə təcrübəmizi bölüşürük. İnanıram ki, bunun böyük faydası olacaq. Əsas hazırlığımız Avropa çempionatınadır. İyun ayının 27-30-da keçiriləcək. Avropa çempionatından sonra əsas yarışımız dünya çempionatı olacaq. İnanıram ki, keçənilki kimi həm Avropa çempionatında, dünya çempionatında komandamız ümumi hesabda birinci olar”.

Beynəlxalq təlim-məşq toplanışında 8 ölkənin cüdoçuları hazırlıq keçir. Avropa və Asiya ölkələrindən yığmaların qatıldığı məşqlərdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Fransa, Yunanıstan, Serbiya, Sloveniya və Ukrayna idmançıları iştirak edir.

Meirlan Baymaxanbetov- Qazaxıstan komandasının məşqçisi: “Qazaxıstan yığma komandası olaraq Azərbaycana Göygöl kubokunda iştirak etmək üçün gəlmişdik. Bizim idmançılar bu yarışda layiqincə mübarizə aparıb, nəticələr əldə etdilər. İndi isə beynəlxalq təlim-məşq düşərgəsində iştirak edirik. Qarşıdakı yarışlara hazırlıq üçün əhəmiyyətli toplanışdır. Göygöl çox xoşumuza gəldi, yerli idmançılar çox güclüdürlər, yaxşı nəticələr əldə edirlər. Buradakı yarış, təşkilatçılıq və məkan çox xoşumuza gəldi”.

Ramazan Urazov- Qazaxıstan komandasının üzvü: “Toplanış yaxşı keçir, buradakı hazırlıqda güclü komandalar iştirak edirlər. Yarışlar da maraqlı alındı. Düşünürəm ki, bu turnir təkcə mənin yox, hamının xoşuna gəldi. İlk dəfədir Azərbaycandayam. Çox yaxşı ölkəniz var. Emosiyalarım müsbətdir. Ümid edirəm ki, gələn il yenə gələcəyik, özümüzü yenidən göstərməyə çalışacağıq”.

Qal Blazik- Sloveniya komandasının üzvü: “Kompleks məşq üçün çox əlverişlidir. Təlim-məşq toplanışı çox yaxşı təşkil olunub. Top ölkələrdən yaxşı cüdoçular buradadır. Bu da bizə daha çox rəqiblərlə güləşməyə imkan yaradır. Hər çəki dərəcəsində bir neçə cüdoçu var. İkinci dəfədir ki, buradayam. Keçən il Avropa kubokunda da Göygöldə çıxış etmişəm. Gələcəkdə də bu yarışa gəlməyi düşünürəm”.

Toplanış 3 gün davam edəcək və mayın 8-də başa çatacaq.

Orxan Cəfərzadə