Cari il Basketbol Liqasında ötənilki kimi uğurlu çıxış edə bilməyən “Gəncə” növbəti liqa üçün yeni planlar qurmaq niyyətindədir. Komandanın baş məşqçisi Bedri Meriç qarşıdakı mövsümlə bağlı fikirlərini televiziyamıza paylaşıb.
2022-2023-cü illər mövsümü ölkə kubokuna yiyələnən, çempionluğu son saniyələrdə qaçıran sarı-göylər bu il ürəkaçan mövqedə yer ala bilməyib. Liqa boyu 23 xal toplayan komanda 8-ci pillədə qərarlaşıb və pley-offa düşməyib. Buna baxmayaraq çempionatda doğma meydanda çıxdığı son oyununu hesabda geri ola-ola sonradan əzmkarlıq göstərək Sumqayıtı 86:82 məğlub edən klub, qapanış görüşündə gəncəli fanatları sevindirib. Komandanın türkiyəli baş məşqçisi Bedri Meriç gələcək mövsümlə bağlı danışarkən yaxşı bir komanda formalaşdırmaq istədiklərini, amma hələlik əcnəbi limitini gözlədiklərini söyləyib.
Bedri Meriç- “Gəncə”nin baş məşqçisi: “Gələcək mövsüm burada pley-offa yüksələ biləcək, ilk sıralarda yer alacaq bir kollektiv qurmaq istəyirik. Bu il həm zədələr, həm məşqlərə gec başlamağımız üçün bəzi səhvlərimiz oldu. Amma bizə dəstək olan gəncəli azarkeşlərə çox təşəkkür edirəm. Onlar Avrokuboklara yollanacaq komandaları haqq eləyirlər. İnşallah, növbəti il biz buna nail olacağıq. İlk olaraq əcnəbi limiti ilə bağlı qərar gözləyirik. Builki kimi 3 əcnəbimiz olacaq, yoxsa 4 əcnəbi, 1 yerli oyunçumuz olacaq? Limitə görə fərqli planlar quracağıq. Amma 2 yerli, 3 əcnəbi oyunçu limiti saxlanılsa, mütləq şəkildə yaxşı yerli basketbolçulara ehtiyacımız var”.
Çalışdırıcı növbəti mövsümdə komandanın ev oyunlarını yeni istifadəyə verilən Gəncə İdman Sarayında keçirəcəklərinin sevindirici məqam olduğunu deyib. Arena haqda fikrini bildirən mütəxəssis, basketbol zalının müasir standartlar səviyyəsində qurulduğuna diqqət çəkib.
Bedri Meriç- “Gəncə”nin baş məşqçisi: “Yeni zalımız açılacaq. Yeni sarayla bərabər yeni həyəcan, yeni bir komanda. İnşallah, hər şeyi Gəncəyə yaraşan şəkildə edəcəyik. Yeni zalımızda da gəncəli azarkeşləri mütləq gözləyəcəyik. Çox gözəl bir zal, yaxşı tribunası var. Bizim onlara ehtiyacımız var. Çox gözəl qurulub, xüsusilə soyunub-geyinmə otaqları, tribunası basketbol üçün mükəmməl bir zaldır. Çox heyif ki, bizim bu zalımızda parketdə bəzi problemlər var idi. Orada çətinlik çətməyəcəyik. Azərbaycan dövlətinə təşəkkür edirəm ki, belə bir saray yaradıblar. Arzu edirəm, biz orada çempionluqları qeyd edək”.
Klub yeni mövsüm təcrübəli yerli, eləcə də baracıqlı gənc və əcnəbi oyunçularla güclənərək yaxşı heyət formalaşdırmaq niyyətindədir. Bununla da komandanın yenidən çempionluğa iddialılar sırasında olmağı planlaşdırılır.
Orxan Cəfərzadə
- Baxış: 332