• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1895
— 06.05.2024 19:31

Gəncədə yaşayan pravoslavlar Pasxa bayramını qeyd ediblər

KepezTV Player

Ölkənin qərb bölgəsində yaşayan pravoslavlar Gəncədəki Aleksandr Nevski kilsəsinə toplaşıb, Pasxa bayramını qeyd ediblər. Tanrıdan ölkəmizdə daima sülh, əmin-amanlıq və xoşbəxtlik olması dilənib, Vətən müharibəsində şəhid olanların ruhlarına dualar oxunub. Şamlar yandırılıb, vacib sayılan bir sıra dini ayinlər icra edilib. Gəncədə təxminən 200 ailədən artıq pravoslav yaşayır. Pasxa xristianların dini kitabı İncildə təsvir edildiyinə əsasən, İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən bayramıdır. Xristianların inancına əsasən, bu hadisə təxminən 2000 il bundan əvvəl baş verib. Pasxadan sonra 50 günlük "Pasxa fəsli" adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs "Üçlük Günü" ilə başa çatır.

Varfolomey Sotnikov- Rus Pravoslav Kilsəsinin baş keşişi: "Bu sevincli gündə nəinki pravoslavlara, eləcə də müsəlmanlara cansağlığı, əmin-amanlıq, sülh arzulayıram. Biz burda dini etiqadından asılı olmayaraq bir ailə kimi yaşayırıq. Dini ayinlərimizi icra edir, bayramlarımızı qeyd edirik. Ölümün üzərində qələbəni xarakterizə edən Pasxa – böyük, müqəddəs bayramdır. Allahdan diləyirik ki, ölkəmizdə daim sülh olsun, insanlar sevinc içərisində yaşasınlar".

Qennadi Vasilyeviç- Moskva sakini: "İsa Məsihin çarmıxa çəkilməsindən sonra dirilməsi günündə qeyd edilən bu bayram bütün inanclı xristianlar üçün əlamətdar sayılır. Allaha inam, kilsəyə inam həyatın daimi olmasını tərənnüm edir. Ruhumuz sevinir, dualar edirik. Moskvadan gəlməyimə rəğmən, bu kilsədə bayramı qeyd etmək mənim üçün əlamətdardır".

Aişə Rzayeva