"Əmək pensiyaları haqqında" Qanununda dəyişiklik edilməsi barədə" qanun təsdiq edilib. Dəyişiklik uşaqlara görə güzəştli şərtlərlə pensiya hüququ olan şəxslərə də pensiyanın təyin edilməsinə imkan yaradacaq. Bu, hansı hallarda mümkün olacaq?
Bu vaxta qədər 5 və daha çox uşağı olan şəxslərə güzəştli şərtlərlə pensiya təyinatı mümkün idi. Qanunda həmin uşaqların səkkiz yaşınadək həmin şəxslər tərəfindən tərbiyə edilməsi və böyüdülməsi tələb olunurdu. Bu fakt da yalnız vətəndaşın təqdim etdiyi arayış əsasında təsdiq edilirdi. Yeni dəyişikliklə artıq bu tələb aradan qalxıb və bu pensiya növünün də proaktiv təyinatına artıq maneə qalmır.
Nail Qarayev- hüquqşünas: “Qanunun 8.1-ci maddəsində göstərilir ki, qadınlar öz uşaqlarından əlavə övladlığa və ya qəyyumluğa uşaq götürüb, 8 yaşınadək tərbiyə etdikdə və uşaqların sayı öz uşaqları ilə birlikdə 5 və ya daha çox olduqda onların da 5 il erkən pensiya hüququ var. Yeni dəyişikliklə övladlığa və ya qəyyumluğa götürülən həmin uşaqların yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar olması şərti ilə bu hüquq yaranacaq”.
Həmçinin əlilliyi müəyyən edilmiş uşağı olan valideynlərlə yanaşı, əlilliyi müəyyən edilmiş uşağı 8 yaşınadək övladlığa və ya qəyyumluğa götürmüş şəxslərə də uşaqlara görə güzəştli şərtlərlə pensiya hüququ veriləcək.
Nail Qarayev- hüquqşünas: “Bu isə övladlığa və qəyyumluğa götürülməyə ehtiyacı olan, müvafiq dövlət müəssisələrində yerləşdirilmiş uşaqların ailə qayğısı ilə əhatə olunmasını stimullaşdırmaq məqsədi daşıyır. Eləcə də bu vaxtadək ana vəfat etdiyinə və ya valideynlik hüququndan məhrum edildiyinə, yaxud ana ilə nikaha xitam verildiyinə görə 5 və daha çox uşağını və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara 5 il erkən pensiyaya çıxmaq hüququ verilirdi”.
Yeni dəyişiklik həmin atalara artıq növbəti nikaha daxil olduqları halda da bu hüququn şamil olunmasını nəzərdə tutur.
Aişə Rzayeva
- Baxış: 264