• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1594
— 23.04.2024 19:50

Nübar meyvələrin qiyməti də fərqlidir

KepezTV Player

Alça, çiyələk və gilas. Nübar adlandırdığımız bu meyvələri hazırda bazarlarda görmək mümkündür. Lakin alıcılar bu məhsulların təzə və ya istixanada yetişdirilən olduğunu ayırd etməkdə çətinlik çəkir.

Əkbər Qasımov- alıcı: “Nəvələrim deyir, mən də alıram. Nəvələrim istəyir, məcburam”.

Tariyel Ələkbərov- alıcı: “Evdə uşaq istəyir. Tələbat var. Biz də məcbur olub, alıb, yedizdiririk”. 

Bazarlarda rast gəlinən mövsümə xas çiyələk, gilas və alça kimi meyvələrin vaxtından tez piştaxtalarda görünməsini təbii hesab etməyənlər də var. 

Günəş Rəhimova- alıcı: “Uşaqlara elə şeyləri vermirəm. Hər meyvə öz mövsümündə gözəldir. Zərərlidir, uşaqlara qoymuram”.

Firulduz Cabbarova- alıcı: “Bunun hamısı vaxtsız yetişən meyvələrdir. Hamısı may ayından sonra çıxırdı. Çiyələk may ayında, qarpız iyun ayında çıxırdı. Bunların hamısı gübrə, dərmanla yetişir. Cana ziyanlıdır, məsləhət görmürəm ki, alalar. Nəvəm dünən də dedi çiyələk al, dedim hələ yetişməyib, dərmanla əmələ gəlib. 70 yaşım var, indiyə kimi mən elə şeyləri yesəydim ya ölmüşdüm, ya da xəstəlik tapmışdım”.

Bazarlarda satılan nübarlıq meyvələrin qiymətinə gəlincə rekord alçaya məxsusdur. Alıcılara 200 qramı 6-7 manata olan alça təklif edilir.

Sura Musayeva- satıcı: “Çiyələk 4 manat, pomidorun sortuna görə 3-4 manat, xiyar 2-2,50, alça bahadır. Çox adam risk etmir, ancaq yenə də alırlar”.

Diləfrüz Əliyeva- satıcı: “Təzə çıxan nübar kartof 1 manat 50 qəpik, alçanın balaca qapı 5 manatdır. Çiyələk 3 manatdır”.

Hazırda mövsümə uyğun olaraq bağlarda  bir çox ağaclar çiçək açıb. Bostanlarda isə tərəvəzlər hələ yetişməyib. Satışa çıxarılan  bu cür meyvə və tərəvəzlər isə süni yollarla yetişdirilir. 

Hüseyn İdrisov- ADAU-nun Bağçılıq kafedrasının dosenti: “Allahın yetişdiridiyi bu bitkilərin hamısı mövsümə uyğun olaraq yetişir. Bu bitkilər indi yetişmirsə, bunlardan istifadə etməyin qəti əleyhinəyəm. Qidaları kənardan verməklə, müxtəlif kimyəvi maddələrlə təsir etməklə, hormanlarla təsir etməklə yetişdirilir. İnsan həyatı üçün təhlükəlidir. Mən bunu belə qəbul edirəm. Yayda yay yeməyi, qışda qış, payızda payız və yazda da yaz yeməyi uyğundur”.

Həkimlər isə bu cür meyvə və tərəvəzlərdən istifadə edərkən ehtiyatlı olmağı məsləhət görür. Çünki zəhərlənmələrə gətirib çıxara bilər.

İradə Dəmirova- həkim: “İstixanalarda dərmanlar vasitəsi ilə xüsusi ilə çoxlu gübrələr vasitəsi ilə yetişdirilir. Ona görə də onlar insan orqanizminə xüsusilə qaraciyərə toksiki təsir göstərir. Son vaxtlar əhali arasında zəhərlənmə də ola bilir və ya qaraciyərdə serroz əmələ gəlir. Mən məsləhət bilməzdim ki, vaxtsız qidaları qəbul etsinlər”.

Görünən odur ki, vaxtından əvvəl bazarlarda satışa çıxarılan bu cür meyvə-tərəvəzlər heç də sağlamlıq üçün faydalı hesab edilmir. Yediyimizin zəhərə çevrilməməsi üçün nəfslərə hakim olub, vaxtında yetişən meyvə-tərəvəzləri gözləmək lazımdır.

Elnur Vahidoğlu