Gəncədə meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə növbəti regional müşavirə keçirilib. Tədbir Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər, Kənd Təsərrüfatı, Ədliyyə nazirlikləri, Gəncə Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların rəsmiləri, fermer və sahibkarların iştirakı ilə baş tutub. Görüşdə yanğın təhlükəsizliyi ilə bağlı hazırlanan birgə fəaliyyət planı barədə məlumat verilib. Qarşıdan yay mövsümünün gəlməsi ilə əlaqədar meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün təhlükəsizlik qaydalarına ciddi əməl etmənin xüsusi önəmi qeyd edilib. Meşəətrafı ərazilərdə yaşayan və təsərrüfat fəaliyyəti ilə məşğul olan vətəndaşlara ayıq-sayıq olmaları, yanğın hadisələri ilə bağlı dərhal əlaqədar qurumlara məlumat vermələri, meşəlik ərazilərdə nəzarətsiz yanğın mənbələrinə şərait yaratmamaları barədə çağırış edilib.
Zülfiyyə Telmanqızı
- Baxış: 105