Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 2,2 milyarddan çox insan göz xəstəliklərindən əziyyət çəkir. Müşahidə edilən bu hal ölkəmizdə, eləcə də Gəncədə də miopiya, qlaukoma, sarı ləkə xəstəliyi, katarakta və s. formasında təzahür edir. Bu gün xatirəsini andığımız akademik Zərifə Əliyevanın göz xəstəliklərinin müayinə və müalicəsində müəyyənləşdirdiyi üsullar bu gün də həkimlər tərəfindən faydalı formada tətbiq edilir.
Azərbaycanda əhali arasında göz xəstəliklərindən əziyyət çəkənlərin sayı çoxalıb. Son 6 il ərzində ölkədə bu say 1,5 dəfə artıb. Bundan başqa ölkəmizdə həm də göz xəstəlikləri cavanlaşıb. Artıq 13 yaşa kimi olan uşaqlarda da gözqırpma qüsurları, miopiya, astiqmatizm kimi şikayətlərə rast gəlinir.
Ruhiyyə Məmmədova- oftalmoloq: “Oftalmologiya sahəsində çox xəstəliklər hal-hazırda daha sürətlə yayılır və yaş məhdudiyyəti dedikdə biz əvvəllər bunlara qocalıq xəstəliyi kimi baxırdıqsa, indi daha çox cavanlarda, gənclərdə bu xəstəliklərə rast gəlmək olur. Yayılan endokrin xəstəlikləri fonunda diabetik retinopatiyalı xəstələrimizin sayı durmadan artır. Göz quruluğu ilə bağlı xəstəliklər çox geniş yayılıb. Xəstələr daim batma, gözdə diskomfort, narahatlıq, görmənin dumanlanması kimi şikayətlərlə müraciət edirlər”.
Həkimlər məsləhət edir ki, gözlə bağlı şikayəti olmayanlar da 6 aydan bir müayinədən keçməlidirlər. Bu, hər hansı patoloji problemlərin üzə çıxmasının qarşısını alır və vaxtında tədbirlərin görülməsinə şərait yaradır.
Ruhiyyə Məmmədova- oftalmoloq: “Hal-hazırda həm xəstəliklərin müalicəsi, həm müayinəsi ilə bağlı geniş işlər görülür və görülməkdə davam edir. Kifayət qədər aparatlarımız var. Müalicə tədbirlərinin işlənilib hazırlanması üçün təminatlarımız mövcuddur”.
Müalicə üsullarının işlənib hazırlanmasında bu gün xatirəsini andığımız akademik Zərifə Əliyevanın xidmətləri danılmazdır. Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan görkəmli alim ölkəmizdə geniş yayılmış traxomanın öyrənilməsi sahəsində çox böyük xidmətlər göstərib. Gültəkin Əsgərova- oftalmoloq: “Zərifə xanımın oftalmologiyanın bütün sahələrində rolu böyükdür. İedodiaqnostika kimi böyük bir sahədə əməyi böyükdür. Bütün bu sahələrə aid elmi işləri var və biz hal-hazırda bu elmi işlərdən bəhrələnirik. Eyni zamanda sintomitsin ilə traxomanın müalicəsində Zərifə xanımın rolu çox böyükdür. Azərbaycanda yeni salınmış kimya sənayesində işləyən işçilərdə əmələ gələn göz patologiyasının aşkar edilməsində Zərifə xanımın rolu əvəzsizdir. Yodla zəhərlənmənin böyük olduğu sahələrdə Zərifə xanımın apardığı işlər əvəzsizdir”.
Zərifə Əliyevanın tədqiqatları Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. Bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edən alimin araşdırmalarından bu gün də tibbdə istifadə olunur.
Aişə Rzayeva
- Baxış: 135