Müasir idman infrastrukturu, əhalinin istirahəti və ekoloji mühitin yaxşılaşdırılması üçün imkanların yaxşılaşdırılması. Ötən gün Prezident İlham Əliyevin iştirakı ilə Gəncədə müasir İdman sarayının açılışı regionda yaşayan gənclərin idmana həvəsini artıracaq. Uzun müddətdir gözlənilən şəhər stadionunun təməlinin qoyulması isə Gəncənin futbol ənənələrinin davam etdirilməsi baxımından mühüm sayılır. Ekoloji Park Kompleksi isə şəhər mühitinə bir estetizm gətirəcək.
Gəncəçayın sağ sahilində 11 hektar ərazini əhatə edən kompleks. Unikallığı ilə seçiləcək Ekoloji Parkda insanların rahatlığı və asudə vaxtlarını səmərəli keçirmələri üçün bütün lazımi şərait yaradılır.
Kompleksin ikimərtəbəli oranjereya binası fərqli dizaynı ilə seçilir. Burada sakinlərin və turistlərin rahatlığı üçün bütün imkanlar mövcuddur. Binada 7 növ ağac, 16 növ gül, 8 növ kol, 9 növ isə kaktus bitkisi əkilib. Ekoloji parkdakı istixanalarda ilin bütün fəsillərində müxtəlif növ nadir bitkilər, ağac tingləri yetişdirmək mümükün olacaq.
Elşad Məmmədov- ekoloq: “Qərb bölgəsində belə bir parkın yaradılması olduqca böyük əhəmiyyət kəsb edən məsələdir. Belə ki, bu baxımdan şəhər ərazilərində təbii komplekslərin qorunub saxlanması, eyni zamanda əhalinin istirahəti, ekoloji maarifləndirilməsi, ali məktəblərin təcrübə keçməsi məqsədilə gözəl şəraitdir”.
Elmar Əzizov- Gəncə şəhər yaşıllaşdırma şöbəsinin müdiri: “Bu pelarqoniya gülüdür, yan tərəfdə marqaritadır, kalçeolyariyadır, bunlar geran gülləridir, petuniya güllərimiz var. Ən müasir istixanalardan biridir. İstixanamızın havalandırma sistemi var. Günəşdən qorunmaq üçün pərdə sistemi, suvarması var. Belə istixanamız burada 3 ədəddir və hər biri 800 kvadrat metrdir”.
2 ildən artıqdır tikintisi aparılan kompleks ərazisində işlər hələ tamamlanmayıb. Ətrafda yaşıllaşdırma, abadlıq işləri görülsə də, plana uyğun tədbirlər davam etdirilir.
İlqar Əsədov- Gəncə şəhər MKTİB-nin rəis müavini: “Kompleksin ərazisində bu işlər davam etdiriləcəkdir. İstirahət mərkəzləri, uşaq əyləncə mərkəzləri, idman klubları, ictimai iaşə müəssisələri, atçılıq mərkəzləri, yaradılacaqdır. Bu da şəhər əhalisinin və qonaqların istirahətinə töhfə verəcəkdir”.
“Yaşıl dünya naminə həmrəylik ilin”nə töhfə olacaq ekoparkla yanaşı Gəncənin gələn il üçün MDB-nin idman oyunlarını yüksək səviyyədə qəbul etməsi üçün də lazımi infrastruktur yaradılır. Gəncə İdman Sarayının istifadəyə verilməsi ölkədə Olimpiya və idman hərəkatına təkan verməklə “MDB-nin İdman Paytaxtı” çərçivəsində keçiriəcək yarışları da qəbul edəcək.
İdman Sarayı nəinki Gəncədə, regionda idmanın inkişafına hesablanıb. Qurğunun böyük zalında beynəlxalq standartlara uyğun olaraq basketbol, voleybol, həndbol, minifutbol və atletika oyunlarının keçirilməsi mümkün olacaq. Eyni vaxtda yarışları 3 mindən artıq tamaşaçının izləməsi üçün imkanlar yaradılıb.
İntiqam Hüseynov- Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi: “Bu idman sarayı demək olar ki, Qafqazda ən böyük saraylardan biridir. Düşünürəm ki, bu sarayın məhz Gəncə şəhəridə açılması region üçün böyük töhfə verəcək. Gələcəkdə burada dünya, Avropa, Olimpiya çempionu olacaq idmançılar müxtəlif növlərlə məşğul olacaq. Bu saray möhtəşəmliyi və böyüklüyü ilə imkan verir ki, burada böyük mötəbər yarışlar – Avropa və dünya çempionatları, beynəlxalq turnirlər keçirilsin”.
İdman Sarayındakı üzgüçülük zalında yarışları 1400-dən çox tamaşaçı izləyə biləcək. Kiçik zal isə müvafiq olaraq 2, 3 və 4 yerə bölünmək imkanına malikdir. Binada ağır atletika, güləş, cüdo və boks zalları, müxtəlif təyinatlı otaqlar fəaliyyət göstərəcək və idmanın ayrı-ayrı sahələri tədris ediləcək. Beynəlxalq İdman Atıcılığı Federasiyasının standartlarına uyğun atıcılıq zalı, həmçinin müxtəlif ölçülü yoqa, pilates, atletika, fitnes, boulinq, masaüstü tennis, şahmat, kross-fit zalları, SPA mərkəzi, bilyard masası, uşaq otağı, 3 konfrans zalı, böyük restoran fəaliyyət göstərəcək. Gəncə İdman Sarayının əhəmiyyətini artıran cəhətlərdən biri də 160 idmançının qalması üçün müasir mehmanxananın yaradılmasıdır.
Prezident İlham Əliyevin ötən ilin oktyabrında Gəncə şəhər stadionu ilə bağlı imzaladığı sərəncam ötən gün arenanın təməlinin qoyulması ilə futbolsevərlərin ürəyincə oldu. Yeni stadion istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.
Yarım əsrdən çox yaşı olan Gəncə şəhər stadionu UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək. Arenanın tamaşaçı tutumu isə 15 min 464 yerlikdir.
Fuad İsmayılov- veteran futbolçu: “Nə xoş gündür ki, stadionun təməlinin qoyulması bayrama təsadüf etdi. Sevinirik, ona görə ki, uzun illərdir bunu gözləyirdik. Nəhayət ki, cənab prezident gəncəliləri sevindirdi. Stadion tikiləndən sonra komandanın əvvəlki əzəməti, azarkeşlər qayıdacaq. Veteranlar yenidən bura yığılacaq. Qocaman azarkeşlər həmişə gəlirdilər oturmağa yer olmurdu, amma indi hər şey gözəl olacaq”.
Stadionda əsas və yardımçı otaqlar yaradılmaqla UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə qurulacaq. Hər 3 obyekt həm şəhərin görünüşünə gözəllik qatacaq, həm də regiona gələn turistlərin sayına müsbət mənada təsir edəcək.
Orxan Cəfərzadə
- Baxış: 277