• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1048
— 03.04.2024 19:31

ABŞ Dövlət katibi Azərbaycan Prezidentinə zəng edib

KepezTV Player

Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamlar tamamilə əsassızdır. Bunu Prezident İlham Əliyev ona zəng edən ABŞ Dövlət katibi Antoni Blinkenlə söhbəti zamanı bildirib. Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, Antoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycanda narahatlıq doğurduğuna görə məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib. Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb. Həmçinin üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də qarşı tərəflə müzakirə edilib. Dövlət başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransanın Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb. Telefon danışığı zamanı Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb. Söhbət əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarına dair müzakirə aparılıb. Prezident İlham Əliyev xarici işlər nazirlərinin sülh müqaviləsinin mətni üzrə Berlində apardıqları danışıqların prosesin irəlilədilməsi baxımdan faydalı olduğunu və danışıqların sürətləndirilməsinə ehtiyac olduğunu deyib.

Azad Mustafayev