İqtisadiyyatın inkişafı istiqamətində hərtərəfli addımlar atılır ki, turizm sahəsi də bu sırada ilklərdəndir. Həm yerli, həm də əcnəbi turistləri ölkəmizin müxtəlif ərazilərinə, o cümlədən potensial turizm bölgəsi hesab edilən qərb regionuna, daha dəqiq desək Göygölə cəlb etmək üçün fərqli turizm marşrutları yaradılır.
Yüksəkliklərdə yerləşən əlçatmaz yerləri, gözoxşayan mənzərələri, şəlalələri kəşf etmək üçün dağ cığırları marşrutu turistləri daha çox cəlb edir. Kurort zonası olan Göygölün dağlıq hissəsində də bu cığırların işarələnməsi, təyin edilməsinə görə işlər həyata keçirilir. 250 km-ə yaxın uzunluğu olan Kiçik Qafqaz cığırları adlı marşrut təkcə Göygölü deyil, eyni zamanda bir neçə rayonun ərazisini əhatə edəcək.
Zaur Bayramov- Gəncə Regional Turizm İdarəsinin rəisi: “Kiçik Qafqaz cığırları Göygöldən başlayır, lakin 4 rayonu özündə birləşdirir. Göygöldən keçərək Daşkəsənə, Daşkəsəndən Gədəbəyə, Gədəbəydən Tovuz rayonunu əhatə edəcəkdir. Göygöl rayonunda Əzgilli kəndində müəyyən işarələmələr aparılıb. Cavadxan zirvəsi, Əzgilli kəndi istiqaməti. Əlavə olaraq Milli Park nümayəndələri ilə danışıqlar aparılır ki, Kəpəz zirvəsi istiqamətində də rəsmi dövlət tərəfindən təyin olunmuş işarələmələrlə təmin olunsun”.
Kiçik Qafqaz cığırları Göygöl Milli Parkının ərazisindən də keçir. Bu marşrutların yaradılması hətta regiona gələn turistlərin sayına da təsir edir.
Fuad Quliyev- Göygöl Milli Parkının direktoru: “Məhz qərb bölgəsində digər ərazilərdə də Hacıkənd, Göygöl ətrafında digər kəndlərin ərazisində də dağ ekoturizm marşrutları, dağ cığırları ilə marşrutlar təyin edildi. Ekoturizm marşrutunun digər marşrutlardan fərqi ondan ibarətdir ki, əlçatmaz olan yerlərdə, dağlarda olan təbii gözəlliklərin yaxından görülməsinin təmin edilməsidir. Bu, eyni zamanda Göygöl Milli Parkına və bölgəyə də turistlərin gəlişinin artımında fərqlər yaradır”.
Dağ marşrutları Milli Parkı ziyarətə gələn turistlərin də diqqətini çəkir. Göygöl gölünü gəzənlər digər fərqli əraziləri də kəşf etməyin marağındadırlar.
Əmir Əliyev- turist: “Şəhərin səs-küyündən ayrılıb, burada sakitlikdə asudə vaxt keçirmək biz gənclər üçün daha yaxşıdır. Burada bilirik ki, dağ marşrutları var və biz istəyirik ki, gələcəkdə bu marşrutlardan istifadə edək və o marşrutlarla Milli Parkın digər ərazilərini də gəzək”.
Esmira Məmmədova- turist: “İlk dəfədir ki, gəlirik. Eşitmişdik ki, buranın təbiəti çox gözəldir, amma həqiqətən heç vaxt gəlməmişdik. Gəzdik-gördük ki, Azərbaycanın belə gözəl yerləri var. İndi də Maralgölə gedirik”.
Hazırda Göygöl rayonunda 6 istiqamət üzrə turizm marşrutları mövcuddur. Gələcək perspektivləri, eləcə də kəşf olunacaq yeni əraziləri nəzərə alaraq turist marşrutlarının sayının çoxalacağı istisna deyil.
Orxan Cəfərzadə
- Baxış: 207