• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1096
— 02.04.2024 20:08

Zəfərə gedən yolun başlanğıcı

KepezTV Player

İndi təqdim edəcəyimiz süjetimiz Ordumuzun parlaq tarixi qələbələrindən olan şanlı aprel döyüşlərinin iştirakçısı olan qəhrəmanların bir neçəsi barədədir. Hansı ki, 8 il öncə başlanan döyüşlər torpaqlarımızın işğaldan azad edilməsində qığılcım oldu. 

Ermənilərin cəbhədə 8 il bundan öncə əl atdıqları təxribat baş tutmadı. Düşmən hücumlarına adekvat cavab verildi. İgid, qorxmaz Azərbaycan oğulları işğalda olan torpaqlarımızı azad etmək üçün ölümün gözünə dik baxaraq, doğma torpaqlarımızın azadlığına can atdılar. 

Vüsal Məmmədov- müharibə veteranı: “Atıldıq döyüşlərə, düşmənin cavabını elə yerindəcə verdik. Torpaqlarımızın bir qismini azad etdik. Lələ təpə uğrunda gedən döyüşlərdə, Talış yüksəkliyində gedən döyüşlərdə iştirak etmişəm. Orda da sağ qolumdan ağır yaralanmışam. Çox fəxr edirik ki, bu gün zəfər çalmışıq. Torpaqlarımızı azad etmişik. Dəmir yumruğumuzu onların başına vurmuşuq”.

Nizami Əlbəndov- müharibə veteranı: “Üç gün müddətinə bütün postlarımız azad olundu. Göstəriş verildi ki, ancaq irəli. 4 nəfər şəhid verdik, 2 nəfər yaralımız oldu. Ancaq onlara baxmayaraq, onların layiqincə cavabını verdik. Ali baş komandan tərəfindən medallarla təltif olunmuşam”.

Orxan Niyazov- müharibə veteranı: “Aprel döyüşlərində N saylı hərbi hissədə artilleriya qurğusunda idim. Hətta mən orada yaralanmağıma baxmayaraq, əhval-ruhiyyəmiz yüksək idi. Çox şükür bu gün torpaqlarımız düşmən tapdağından azad edilib. Ali baş komandanımıza da minnətdarlığımızı bildiririk ki, bizim torpaqlarımızı düşmən tapdağından azad elədilər”.

Aprel döyüşlərində ordumuz şücaət göstərdi. İstər müasir silahlar, istər böyük ruh yüksəkliyi, ən əsası da vahid komandanlıq tarixi qələbəmizin əsasını qoydu. Bu həm də ermənilərin xülyalarını da alt-üst etdi.

Şair Ramaldanov- hərbi ekspert: “Atəşkəs rejiminə keçəndən sonra Azərbaycan hansısa əməliyyat aparmamışdı. Bu əməliyyat, təxribata cavab olaraq real döyüş əməliyyatı idi. Bu əməliyyat zamanı həm də ermənilər tərəfindən yaradılan bir mif – “Ohanyan keçilməz müdafiə xətti”ni darmadağın etdik”. 

Aprel döyüşləri ilə dünyaya, eləcə də Ermənistana sübut elədik ki, Azərbaycan xalqı, Azərbaycan ordusu qəhrəmanlığı, fədakarlığı, şücaəti ilə gec-tez işğala son qoyacaq. 

Azad Bayramov- tarixçi: “Biz 1992-ci il, hətta 1988-89-cu ildən Dağlıq Qarabağdan başlayan bu münaqişə - ermənilərin torpaq iddialarına 2016-cı il aprel döyüşləri ilə birdəfəlik olaraq son qoyduq. Xalq olaraq birdəfəlik oyandıq ki, həqiqətən də bizim ordu qəhrəmanlığı, şücayəti ilə bu torpaqları işğalçılardan azad edəcəkdir”.

Tarix və zaman yetişəndə isə Azərbaycan ordusu tarixə qızıl hərflərlə yazılan zəfərə imza atdı. 44 gün ərzində 30 illik işğalda olan dədə-baba torpaqlarımız azad edildi. Yurd-yuvalarından didərgin düşən soydaşlarımız öz torpaqlarına qaytarılmağa başladı.

Elnur Vahidoğlu