Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı şənliklərinin ən xoş duyğularla yaddaşlarımıza həkk olunması hər birimizin arzusudur. Bunun üçün isə bayramla əlaqədar keçirilən müxtəlif mərasimlərdə müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir. Ələlxüsus da alovlandırılan tonqallar zamanı.
Bayramın ən xoş duyğularla yaddaşımıza həkk olunması hər birimizin arzusudur. Amma bəzən bu, mümkün olmur, arzuolunmaz hadisələr baş verir. Ötən çərşənbə paytaxtda 2 nəfərin bayram tonqalına yıxılaraq, müxtəlif dərəcəli yanıq xəsarətləri alması kimi. Buna görə də xüsusilə azyaşlılara qarşı ehtiyatlı olmaq lazımdır.
Şəhər sakini: “Bizim qədim ənənəmizdə tonqal yandırmaq, üstündən atlanmaq var. Amma bu zaman da ehtiyatlı olmaq lazımdır. Uşaqlara nəzarət eləməliyik. Böyüklər diqqət eləməlidirlər ki, bədbəxt hadisə baş verməsin”.
Şəhər sakini: “Oddan təhlükəli heç bir şey yoxdur. Çox ehtiyatlı olmaq lazımdır. Valideynlər, nənə, baba hamı diqqətli olmaldır”.
Şəhər sakini: “İlk növbədə tonqalın qırağında duranda uşaqlar qorunmalıdır. Tonqalın üzərindən tullananda gözləmək lazımdır ki, tonqal zəif olanda tullansınlar. Böyük-kiçik hamı yanğından qorunmalıdır”.
Bayram günlərində Gəncə Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan zənglərin sayı da artır. Zənglər içərisində, yanıq xəsarəti ilə bağlı olan çağırışlar da yer alıb. Həkimlər hər kəsin ilkin yardım qaydalarını bilmələrini də vacib hesab edir.
Aygün Məmmədzadə- Təcili Yardım Stansiyasının çağırışçı həkimi: “İlkin olaraq xəstəni yanıq mənbəyindən uzaqlaşıdırmaq lazımdır. Əgər xəstənin ağrısı varsa ağrı əleyhinə tədbirlər görmək lazımdır. Və yanıq nayihəsinə soyuq su qoymaq lazımdır. Bu, yanığın dərinin daha da dərinə keçməməsi üçündür. Dərinin digər təbəqələrinə də zərər verməsin deyə”.
Fövqaladə Hallar Nazirliyindən bildirilib ki, bəzən sadə təhlükəsizlik qaydalarına etinasız yanaşmaq sonda arzuolunmaz nəticələrə, ağır fəsadlara gətirib çıxarır. Bunun üçün də xüsusilə də valideynlər azyaşlılara qarşı diqqətli olmalıdırlar.
Elnur İmanov- FHN-in Gəncə Regional Mərkəzinin sektor müdiri: “Təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, Norvuz bayramının əsas mərasimlərindən olan ötən çərşənbə axşamı da arzuolunmaz hadisələr baş verdi. Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, Novruz bayramı ilə əlaqədar aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır: bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Nəzərə alınmalıdır ki, küləkli havada tonqal yandırılması xüsusilə təhlükəlidir”.
Milli bayramımızı- Novruzu xoş duyğularla başa vurmaq üçün yuxarıda sadalanan, həmçinin yanğın təhlükəsizliyilə bağlı digər qaydalara əməl etmək vacibdir.
Aişə Rzayeva
- Baxış: 236