Novruzun müjdəçisi olan sonuncu çərşənbə axşamını qeyd edirik. Bayramı süfrələrimizin bəzəyi olan çərəzlərsiz çətin təsəvvür edək. Builki bayramda qiymətlərin cibə uyğunluğu ilə maraqlanmışıq.
Novruzun simvolları olan şəkərbura və paxlavanın bişirilməsi üçün qoz və fındığa tələbat artıb. Bu isə öz növbəsində qiymətlərə təsir edib deməyəcəyik. Çünki bu il bayramqabağı çərəzlərin qiyməti nəinki bahalaşıb, əksinə ötən illərlə müqayisədə aşağı düşüb. Hətta satıcılar müştəri cəlb etmək üçün müxtəlif endirimlər də edirlər.
Ruslan Babakişiyev- alıcı: “Qoz ləpəsi, məzələr, fındıq ləpəsi bazarlığına gəlmişik. Qiymətlər də nisbətən sərfəlidir - 15-16 manat. Çox götürəndə endirim də edirlər”.
Reyhan Rzayeva- alıcı: “Evə bazarlıq etməyə gəlmişik. Paxlava üçün qoz alacam. Qiymətlər yaxşıdır. Hətta əvvəlkinə baxdıqda, indi bir az endirim ediblər ki, hamı ala bilsin. Çünki insanlarda imkan olan var, olmayan var, onları nəzərə alıblar. Qiymətlər yaxşıdır, badam almışam, fındıq ləpəsi, qoz ləpəzi hamısının qiyməti sərfəlidir. Məni qane etdi”.
Alıcı: “Aş qarası üçün müəyyən ədviyyatlar aldıq, paxlava üçün ləpələr aldıq. Bugünkü bazarla vallah, çox razıyıq. Normal, stabil qiymətlərdir. Elə bir artım yoxdur. Düzdür, qiymət əvvəlcə bir az yüksək idi, indi ləpələrdə bir az endirimlər var”.
Satıcılarla söhbət zamanı məlum oldu ki, keçən ilə nisbətən qiymətlərdə 3-5 manat azalma müşahidə olunur. Təbii ki, qiymətlər məhsulun keyfiyyətinə görə dəyişir. Satdıqları ləpələr isə əsasən Zaqatala, Şəki, Ordubad və Ukraynadan gətirilir. Qiymətlərin ucuzlaşması alıcıların sayına da təsir edib. Bazarda əvvəlki illərlə müqayisədə alıcılar çoxalıb.
Azad Quliyev- satıcı: “Bayramla əlaqədər olaraq tələbat artıb. Əsasən də Novruz bayramının simvolu olaraq iydə, innab, qoz, fındıq belə şeylərə tələbat çoxdur. Müştərilərin alıcılıq səviyyəsi artıb. 7 manata innabı, 6 manata iydəni müştərilərə təklif edirik. Bundan əlavə olaraq qoz, fındığın qiymətləri 5- 6 manat arası dəyişir”.
Satıcı: “Qoz, fındıq, badam, iydə, innaba biz də endirim etmişik ki, müştərilərimiz gəlib alsınlar. Qozun qiyməti 15-dən başlayır, 20-22-yə qədər, fındıq başlayır 13 manatdan, 15-17 manatadək. Badam onun kimi - 15 manatdan başlayır, 22 manata kimi”.
Satıcıların sözlərinə görə standart çərəzlərdən başqa çox insanın adını belə eştmədiyi çeşidlərə də tələbat var. Xarici ölkələrdən gətirilən bu qeyri-adi çərəzlərin qiymətləri də təbii ki yüksəkdir.
Azad Quliyev- satıcı: “Yerli məhsullara tələbat olduğu kimi, xarici qeyri-adi məhsullara da tələbat var. Müxtəlif istəkləri nəzərə alaraq xarici Pekan (yapon) qozu olsun, Makadamiya fındığı olsun, banan cipsi olsun. Bunlar tez-tez tapılmır. Tələbat çoxdur, istəyənlər olur. Yəni biz çoxsaylı istəkləri nəzərə alaraq, bu məhsulları istəyiblər, ona görə satırıq”.
Çərəzləri alarkən xarici görünüşə və məhsulun satışa qədər düzgün saxlanılıb-saxlanılmamasına diqqət yetirmək lazımdır. Çərəzlər bütöv olmalı, üzərində çat, zədə və kif əlaməti olmamalı, zərərli orqanizmlərin təsirinə məruz qalmamalıdır. Əgər məhsula uyğun olmayan qoxu hiss edilərsə, bu, çərəzlərin düzgün şəraitdə saxlanılmamasının və sağlamlıq üçün təhlükəli olmasının göstəricisidir. Qablaşdırılmış halda satılan çərəzləri alarkən buraxılış və son istifadə tarixinə mütləq nəzər yetirilməlidir.
Pərvin Abbaszadə
- Baxış: 260