8 mart tarixi zəriflər günü olsa da, Azərbaycan qadını ən ağır sahələrdə, idmanda da ad çıxarmağı bacarıb. Ölkəmizi yerli və beynəlxalq səviyyəli yarışlarda təmsil edən kifayət qədər güclü qadınlarımız var. Elə güləşçilərimiz kimi. Milli komandalarımız Göygöldə təlim-məşq toplanışındadır. Xanımlar qarşıdan gələn turnirlərə hazırlaşırlar.
Yerli Olimpiya İdman Kompleksində reallaşan toplanışda böyüklərdən ibarət milli komanda ilə yanaşı, 17 və 20 yaşlılardan ibarət millilər də iştirak edir. Hazırlıq prosesinə ümumilikdə 30-a yaxın güləşçi cəlb edilib. Böyüklər əsasən fiziki, yeniyetmə və gənclər isə döşək məşqlərinə üstünlük verirlər. Böyük məşqçi Toğrul Əsgərov təlim-məşq toplanışının yüksək əhval-ruhiyyədə keçdiyini və komandada rəqabətin olmasının sevindici hal olduğu söyləyib.
Çalışdırıcı güləşin bu növünü daha da inkişaf etdirməyi qarşılarına hədəf qoyduqlarını deyib. Həmçinin, Olimpiya çempionu bütün yaş qruplarından olan güləşçiləri birlikdə toplanışa çağıraraq, gənclərə təcrübə qazandırmaq istədiklərini ifadə edib.
Gənclərdən ibarət komandamız Türkiyənin Antalya şəhərində keçiriləcək “Zəfər kuboku” və “Çempionlar” turnirində iştirak edəcək. Bu yarışlar üçün hazırlıqlarını davam etdirən xanımlar əsasən Paris 2024 Olimpiya oyunlarına lisenziya qazanmağı hədəfləyiblər.
Qadın millilərimizin toplanışı martın 10-dək davam edəcək. Komandalarımız daha sonra hazırlıqlarını Bakıda davam etdirəcəklər.
Orxan Cəfərzadə
- Baxış: 267