Gəncədə teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyevin iki kitabının oxuculara təqdimatı keçirilib. “Milli mədəniyyət tariximiz Heydər Əliyev ideyalarında” və “Teatr, zaman və məkan” adlı nəşrlər ictimaiyyətə təqdim edilib. “Milli mədəniyyət tariximiz Heydər Əliyev ideyalarında” adlı kitabda Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıdan ətraflı bəhs edilir. Müəllif, həmçinin Ümummilli liderin mədəniyyətin inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamları Heydər Əliyev siyasi-mədəni kursunun predmeti olaraq götürüb və müxtəlif rakurslardan geniş təhlilini verib.
“Teatr, zaman və məkan” adlı kitab isə Gəncə Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Ramiz Vəliyevin anadan olmasının 65, səhnə fəaliyyətinin 50 illiyinə həsr olunub. Kitabda toplanan materiallar teatrşünasların, eləcə də sənətşünasların ilkin məlumat və araşdırmaları üçün mənbə hesab edilə bilər.
Anar Ərtoğrul Burcəliyev- teatrşünas-tənqidçi: “İlk növbədə bu aspektdən yanaşırıq. Hər bir kitabda mütləq şəkildə bizim əsas məqsədimiz Azərbaycan mədəniyyətinin inkişaf etdirilməsi aspektində görülən tədbirlər mərhələli şəkildə, həyata keçirilən görüşlər proqram xarakterli bir kitab olaraq ərsəyə gəlibdir. Hər iki kitabda bütün bu amillər nəzərə alınıbdır”.
Ramiz Vəliyev- Əməkdar artist: “Dünyaya təqdim etməliyik ki, bizim millətimiz, mədəniyyətimiz peşəkardır, qədimdir. Biz ali xalqlardan biriyik, dünyaya töhfələr veririk”.
Elnur Vahidoğlu
- Baxış: 287