• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 973
— 05.03.2024 19:52

Koksaki, yoxsa qızılca olduğunu necə ayırd edək?

KepezTV Player

Son zamanlar uşaqlar arasında yeni bir virusa yoluxma halı müşahidə edilir. Bu əl-ayaq-ağız xəstəliyi kimi bilinən koksakidir. İnfeksiyanın əlamətləri qızılca ilə oxşar olduğundan həm təlaş yaradır, bəzən də müalicəsi səhv aparılır. Bu isə ağır fəsadlara səbəb olur. 

Uşaqlar arasında yayılan və səpkilərlə müşahidə olunan infeksiyalardan biri də koksaki virusudur. Həmin infeksiya ilə xəstələnən uşaqlar da karantində qalmalıdırlar. Xəstəliyə, adətən, 3-10 yaş arası uşaqlar yoluxur. Virus yoluxucu olduğuna görə, əsasən tənəffüs yolu, yaxın təmas, çirkli məhsullar və əllər vasitəsilə ötürülür.

Nurlana Zeynalova- həkim: “Koksaki virus infeksiyası eyni zamanda əl-ayaq-ağız xəstəliyi kimi də qiymətləndirilir. İlk yoluxma müddətində spesifik bir əlamət olmur. Əsasən yüngül zökəm əlamətləri, yüksək hərarətlə gedən infeksion prosesdə artıq 4-5 günündə səpkilər əmələ gəlir. Bu səpki müddətində xəstəliyin töküntüsünü, yəni səpkilərin xüsusi nahiyələrdə yerləşməsini, həmçinin onların göstəricilərini nəzərə alaraq koksaki diaqnozu qoyulur”.

Xəstəliyin ilkin əlamətləri burun axıntısı, boğaz ağrısı, halsızlıq, başağrısı, iştahsızlıq, qusma, ishal kimi hallardır. Xəstəlik 10 gün ərzində öz-özünə sağalır. Lakin ağırlaşmaların ola biləcəyi nəzərə alınmalıdır. Müşahidələr onu göstərir ki, onu qızılcadan ayırd etmək elə də asan deyil.

Şəhər sakini: “Koksaki bilmirəm nədir. Amma qızılca bilirəm. Bu yaxınlarda da qohumumun uşağı olubdur. Çox yayılıb. Əvvəllər belə viruslar yox idi”. Şəhər sakini: “Qızılca bilirəm, amma o virusun adını heç eşitməmişəm”.

Şəhər sakini: “İndinin özündə bütün uşaqlarda öskürək, bəlğəmgətirici bir şeylərdir. Ən çox da uşaqlarda fəsad verir. Xəstəxanalar uşaqlarla doludur”.

Sorğudan da göründüyü kimi yayılan virus haqqında insanların məlumatı yoxdur. Ancaq əlamətləri digər infeksion xəstəliklər ilə eyni olduğu üçün, bəzən bu xəstəlik qızılca ilə qarışdırılır. Ona görə də uşaqların hansı virusa yoluxduğunu müəyyənləşdirmək üçün həkim müayinəsi vacibdir. Fəqləndirici əlamətlərinə gəlincə isə…

Nurlana Zeynalova- həkim: “Əsas fəqləndirici əlamətləri qeyd eləməli olsaq, qızılca xəstəliyindən fərqli olaraq, səpkilərin ilk yaranma nahiyələri və ilk əlamətləri fərqli olur. Koksaki virusu zamanı ilk səpkilər ağız, ağızın kənarları, əlin iç, ayağın alt nahiyəsində daha çox görünürsə, qızılca xəstəliyi zamanı ilk səpkilər üz-baş bölgəsindən əmələ gəlir və sonra da bədənin digər nahiyələrinə də yayılır. Bundan başqa qızılcada səthi popiloz, yəni biz xırda qızartı şəklində səpkilər görürüksə, koksaki virusu üçün fizikulyar, yəni içində mayesi olan səpkilər xarakterikdir”.

Həkim uşaqlar arasında koksaki virusu olmasından təşvişə düşməməyi tövsiyə edir, çünki yoluxma epidemiya halında deyil. Əsas məsələ göstəriş olmadan dərman preparatlarının qəbul edilməməsidir. 

Aişə Rzayeva