On bir yoluxucu xəstəlik var ki, bunların qarşısını almaq və yaxud da yoluxduqda yüngül formada keçirilməsi üçün uşaqların peyvənd olunması vacibdir. Gəncədə də bununla bağlı peyvəndləmə işi ailə sağlamlıq mərkəzlərində davam etdirilir.
Gəncədəki 9 ailə sağlamlıq mərkəzində yaradılan peyvənd otaqlarında ərazi üzrə qeydiyyatda olan uşaqlar peyvəndə cəlb edilir. 6 yaşına kimi olan uşaqlarda 11 yoluxucu xəstəliyə qarşı immunitet yaradılır.
Ülvi Axundov- valideyn: “Bu gün qızımızın 4 ayı tamam olur. Onun peyvəndi ilə bağlı gəlmişik. Peyvənd olundu, həkimlərə də təşəkkür edirik. Sağ olsunlar, həmişə diqqət göstəriblər”.
Ofeliya Hüseynova- peyvənd olunan uşağın nənəsi: “Nəvəmi “Qızılca” peyvəndi üçün gətirmişdim. Peyvənd olundu. Həkimlər həmişə uşaqlarımızı nəzarət altında saxlayırlar. Vaxtlı-vaxtında yoxlayırlar”.
Almaz Verdiyeva- valideyn: “”Yeni Gəncə”də yaşıyıram. Hər ay peyvəndə gətiririk. Vaxtlı-vaxtında vurulur. Çox razıyıq, sahə həkimdən də razıyıq. Hər dəfə bizə diqqət və qayğı döstərir, öz təşəkkürümüzü bildiririk”.
Peyvəndləmə işinin nəticəsidir ki, Gəncədə uşaqlar arasında heç bir yoluxucu xəstəlik aşkar olunmayıb. Hər ay şəhərdə 300-ə qədər uşaq vaksinasiya edilir.
Almaz Tomuyeva- GEM-in Epidemiologiya şöbəsinin müdiri: “Gəlib bizdən vaksinləri götürürlər. Soyuducuda soyuq zəncir şəklində saxlanılır. Heç biri soyuducudan kənarda saxlanılmır. Ona görə də iynələrdən sonra heç bir ağırlaşma olmur. Analar qorxmasın, uşaqları vaxtlı-vaxtında peyvəndə cəlb eləsin. Yaydır, istidən qorxurlar, ancaq bundan qorxmasınlar və hamı uşaqlarını vaksinasiyaya gətirsin”.
Vaxtında peyvəndi vurulmayan uşaqda xəstəliyə qarşı immunitet yaranmadığından, onların xəstəliyə yoluxma riski artır. Bunu nəzərə alaraq immunlaşdırma həftələri təşkil edilir.
Vüsalə Məmmədova- “Yeni Gəncə” Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri: “Ümumiyyətlə peyvənddən kənarda qalan uşaqlar olur. Bu hər hansı bir mövsümi xəstəliklər zamanı, istər yoluxucu xəstəliklər zamanı müvəqqəti olaraq peyvəndə əks göstəriş halları olur. Bəlli sürədən sonra uşaq yenidən həkim tərəfindən müayinə olunur. Həm laborator, həm həkim müayinəsi olunduqdan sonra uşaq tam sağlam vəziyyətdədirsə, peyvənd təqdim edilir”.
Gəncədə 19 minə yaxın 6 yaşa kimi uşaq var. Təyin olunan qrafiklə onların peyvəndə cəlb edilməsi vacib sayılır.
Elnur Vahidoğlu
- Baxış: 335