• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 981
— 05.03.2024 19:47

Benzinin qiymətində dəyişilik gözləniləndir?

KepezTV Player

Martın 1-dən Rusiya ölkə xaricinə, o cümlədən Azərbaycana benzin ixracını dayandırıb. Ölkəmiz isə benzinin idxalına gömrük rüsumunu ləğv edib, aksiz vergisini isə minimuma endirib.

Bu gün Azərbaycan Aİ-92, Aİ-95 və Aİ-98 markalı benzini ölkə xaricindən alır. Ən çoxunu isə Rusiyadan. Təkcə 2023-cü ildə Azərbaycan “Aİ-95” markalı benzinin 47 faizi, “Aİ-92”nin 27 faizi, “Aİ-98”in isə 18 faizini bu ölkədən idxal edib. Martın 1-dən Rusiya benzin ixracını dayandırıb.

Tural İsmayılov- siyasi şərhçi: “Bu da müvəqqəti davam edəcəkdir. Hər halda Ukrayna müharibəsi fonunda müəyyən bir dövr ərzində Rusiya daxili tələbatda heç bir xarici bazardan asılı qalmamaq üçün bu addımları atıbdır. Ən azından Rusiya qonşu olan ölkələrə, eyni zamanda müəyyən iqtisadi-siyasi əlaqələri olan ölkələrə neft məhsullarının ixracına qoyduğu qadağanı bir müddət sonra qaldıracaqdır”.

Rusiyanın bu qadağasının avqust ayının 31-nə kimi davam edəcəyi gözlənilir. Odur ki, Azərbaycan hökumətinin neft məhsullarının idxalı ilə bağlı vergi və gömrük rüsumları ləğv etməklə bağlı qərarı bu sahədə hansısa qiymət artımının qarşısını almaq üçün atılan bir addım oldu.

Məsim Abadov- iqtisadçı ekspert: “Başqa bir qlobal hadisələr baş verməsə - dünya səviyyəli müharibələr, iqtisadi krizis, infilyasiyalar olmasa, hələ ki, bu, gözlənilmir. Dünya bazarında neftin qiymətinin planlaşdırılandan da çox olduğu üçün burada olan müəyyən kompensasiyaları dövlət özü ödəyir. Dünya bazarında neftin qiyməti qalxır, ona görə də enmək söhbəti ola bilməz”.

O ki, qaldı dizelin ixracının dayandırılması bu, hələ ki, nəzərdə tutulmur. Rusiyanın isə benzin ixracına qoyduğu qadağa uzun müddət davam etməyə bilər. Rusiya bundan əvvəl də 2023-cü ilin sentyabrın 17-dən noyabrın 22-dək benzin ixracına qadağa qoymuşdu.

Elnur Vahidoğlu