Antalya Diplomatiya Forumu çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb. Regional və beynəlxalq təşkilatlar, xüsusilə ölkəmiz üçün prioritet istiqamətlərdən birini təşkil edən Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd olunub. Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar barədə həmkarını ətraflı məlumatlandırıb. Ermənistan tərəfindən son dövrlərdə daha intensiv xarakter alan siyasi və hərbi təxribatların, bu ölkənin sürətli silahlanaraq aqressiv ritorikasını davam etdirməsinin sülh prosesinə təhdid törətdiyi bildirilib. *** Ceyhun Bayramov Küveyt Dövlətinin xarici işlər naziri Abdullah Əli Əl-Yəhya ilə görüşüb. Küveyt tərəfi ölkəmizin COP29-a ev sahibliyi çərçivəsində qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirib. *** Azərbaycan xarici işlər naziri Panamanın xarici işlər naziri Janaina Tevaney ilə də görüşüb. İki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
Xarici işlər naziri Ceyhun Bayramovun Burkina Fasonun xarici işlər naziri Karamoko Jan Mari Traore ilə görüşündə beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Tərəflər bir sıra istiqamətlərdə əməkdaşlıq potensialını vurğulayıblar.
- Baxış: 91