Azərbaycanda qədim dövrdə bayramların sayı çox olub. Bu baxımdan, çillələrin də, Novruz və çərşənbələrin də xalqımızın bayram təqvimlərində mühüm yeri var. Bu bayram xalqımızın milli-mənəvi dəyərlərinin ən qədim və zəngin tarixə malik bayramlarından biridir. Novruz adətləri bu gün də ilkin mühafizəkarlığını qoruyub saxlayır. Novruz çərşənbələrinin hərəsinin özünəməxsus mərasimləri var. Bu mərasimlərin keçirilməsi Novruzun əsas ünsürü olan Su çərşənbəsi ilə başlayır. Əvvəlki dövrlərdə su çərşənbəsində “su damar gətirdi”, “su Haqdan gəlir” ifadələri qədim türkçülük mifologiyasından qaynaqlanırdı. Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Xalq arasında o, “Əvvəl çərşənbə”, “Əzəli çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu”, “Gül çərşənbə”, “Sel çərşənbə”, “Zəmzəm çərşənbə”, “Çilli beçə çərşənbə” kimi də tanınır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur. Su sağlamlıq, paklıq, tale göstərmə, övladvermə, müqəddəslik, dirilik, ölməzlik, xoşbəxtlik gətirən bir inam rəmzi kimi çıxış edir.
Su çərşəmbəsindən danışıb, bu çərşənbədə işlənən deyimləri deməsəm olmaz.
“Suyun qapısı bu gün açıq olar. “Məni yu” deməsən də, su səni yuyacaq”;
“Su açıqdı, sən də açıq ol. Qapanıb, basaratını bağlama”;
“Suyu çıxacaqdan axıt, odu girəcəkdən qala”.
Su çərşənbəsində evin damına buğda atırlar ki, bərəkət artıq olsun, həmçinin un çuvalının ağzını açıq qoyurlar ki, bərəkət paylananda ağzı bağlı qalmasın.
Bayram axşamı baltanı götürüb bir-bir ağacların kötüyünə vurarlar. “Hə, yatmısan, oyan, bərəkət payını götür deyərdilər”;
Arzularını, gördüyü yuxuları suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək də su ilə bağlı ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su sübh tezdən götürülərdi ki, insan səsi eşitməsin. Amma bu işi hər adama tapşırmazdılar. Həmin su dalınca gümüş kuzələrlə dan yeri sökülənə kimi valideynlərin ilki sayılan, 15-16 yaşlı subay qızlar gedər, üç və ya yeddi bulaqdan su götürər, dinməz-söyləməz evə gətirib qablara boşaldana kimi heç kimlə danışmaz, yerə baxarlarmış. Məhz ona görə də, bu “lal su” adlanarmış. Bu ayini icra edən qızlar yolda tanış bir adama rast gəlsəydilər, üzlərinə su çiləyər, onların bu yolla bulaqdan “lal su” gətirdiyini xəbər verərdilər. Bəzən onları ya nişanlıları, ya da qohumları müşayiət edərdilər ki, suyun “müqəddəs”liyinə xələl gəlməsin.
Bunlardan biri də “Tas falı” deyilən fal-açmadır. Bu fal ilə həddi-buluğa çatmış qızların gələcəkdəki talelərinə baxırdılar. Çərşənbə gecəsində axşam qadınlar, qızlar, oğlanlar kiminsə evinə yığılıb çilə çıxarardılar. Bu gecəni həm də insanlar bəxt gecəsi adlandırırlar. Odur ki, qızlar su ilə fal açıb bəxtlərini sınayardılar. Bu vəsfi-hal mərasimi “Üskük çıxarma” falıdır. Bir camın içərisinə hərə öz nişanəsini - üzük, sırğa, düymə atırdı, sonra qabın üzərinə dəsmal salınırdı. Nişanələr qabın içərisində iki-üç dəfə qarışdırılıb bayatı deyilirdi, bir yeniyetmə qız uşağı əlini camın içərisinə salıb nişanənin birini sudan çıxarırdı. Bayatını oğlan, qız, qadın, kişi hər kəs deyə bilərdi. Hər dəfə bayatı çağrılanda camdan kimin nişanəsi çıxsa onun diləyi həmin bayatı olan mətləbə uyğun yozulardı. Bayatı söylənilən anda, hələ nişanə çıxmamış hiss olunurdu ki, həmin bayatıya uyğun kimin üzüyü, nişanəsi çıxa bilər. Bu mərasim səhərə kimi davam edir. Günəş doğandan sonra mərasim iştirakçılarının su üstünə gedib çillə kəsdirməsi, əl-üzünü yumaları, niyyət edib suyun üstündən tullanaraq, “Ağırlığımı su götürsün” deməsi ilə başa çatır.
Su çərşənbəsində süfrələr bəzədilir. Təmiz sudan hazırlanmış pürrəngi çay, olur. Bu çərşənbədə süfrəyə səməni qoyulmur. Təmiz, lal suyun süfrədə olması isə vacibdir. Əgər həmin su aşarsa, bu bolluğun rəmzi kimi qiymətləndirilir.
Lalə Sadıqova
- Baxış: 2552