Müasir dövrdə iqlim dəyişiklikləri yer kürəsi üçün ən böyük təhlükələrdən hesab edilir. Bunun üçün də bütün ölkələr, o cümlədən Azərbaycan bu yöndə vacib addımlar atmaqdadır. Bu məsələyə ölkə başçısı andiçmə mərasimində də xüsusi olaraq toxunmaqla qarşımızda önəmli vəzifələrin durduğunu bildirdi. İqlim dəyişiklikliyinin qarşısını almaq üçün Azərbaycan qarşıdakı illərdə müəyyən formada işlər həyata keçirirək bu problemə öz töhfəsini verməyə çalışacaq.
Sənayeləşmənin genişlənməsi səbəbindən planetin orta iqlim göstəricilərində xoş olmayan dəyişiklik baş verib. Söhbət, istiləşmədən gedir. Energetika, eləcə də nəqliyyatın müxtəlif sahələrinin inkişaf etməsindən sonra havaya atılan zərərli maddələr nəticəsində orta qlobal temperatur 1.2 dərəcə artıb. Bu da təbii fəlakətlərə, həmçinin biomüxtəlifliyin pozulmasına gətirib çıxarıb. Buna görə ayrı-ayrı beynəlxalq təşkilatlar qəbul edilən anlaşmalarla ötən əsrin sonundan iqlim dəyiklikləri ilə əlaqədar mübarizə tədbirləri görməyə başlayıb ki, Azərbaycan da sözügedən məsələyə ciddi şəkildə diqqət yetirir. Elə COP29 kimi nüfuzlu beynəlxalq tədbirə Bakının ev sahibliyi etməsi də buna əyani sübutdur. Eyni zamanda prezident seçkilərindən sonra qədəm qoyduğumuz yeni mərhələdə bu yöndə qarşıda duran bir çox vəzifələr var.
Fazil Mustafa- millət vəkili: “Bizim prioritetlərimiz də məhz dünya evinin ekoloji cəhətdən sağlamlaşdırılması, qlobal problemlərin birlikdə müzakirə olunması və həlli istiqamətində hər kəsin fədakarlıq etməsinə dayanır. Bu prinsipləri inkişaf etdirməliyik, dünya dövlətlərini əhatə edən quruluşlar içində Azərbaycan aktiv rol alaraq bu mövzuya nə qədər üstünlük və əhəmiyyət verdiyini göstərməkdədir. Bundan sonrakı bizim proqram və planlarımızın içində iqlim dəyişikliyi məsələsinin yaratdığı fəsadlara Azərbaycanın öz tövsiyələri, təklifləri xüsusi olaraq diqqət mərkəzinə gətiriləcəkdir”.
Azərbaycan qarşıdakı illərdə atmosferin çirklənməsinin qarşısının alınması istiqamətində vacib işlər görmək niyyətindədir. Buna görə də iqlim dəyişikliyi ilə mübarizədə öz üzərinə bir sıra öhdəliklər götürüb.
İslam Mustafayev- ekoloq: “Bütün səviyyələrdə iqlim dəyişmələrinə qarşı mübarizə təşkil olunur. Ən başlıcası isə karbondioksid qazının 30-cu ilə qədər 35 faiz azalması və ya 40-cı ilə qədər 40 faiz azalması öhdəliklərini öz üzərimizə götürmüşük. Bu öhdəliyi öz üzərimizə götürməklə biz energetika sektorunda reformlar, islahatlar aparmalıyıq. Meşələrin bərpası və genişləndirilməsi məsələlərini həll etməliyik. Çünki meşələr karbondioksid qazını udur, energetik obyektlərdən üzvü yanacağın yanması nəticəsində ətraf mühitə karbondioksid qazı atılır”.
Elə bu səbəbdən bərpa olunan enerjinin inkişafı prioritet hesab edilir. Ekologiyaya ziyan vurmayan müxtəlif növ enerji resursları bir neçə ildir ölkəmizdə tətbiq edilir və bu sahənin daha da genişləndirilməsi planlaşdırılır. Ən önəmlisi də odur ki, artıq işğaldan azad olunan ərazilərdə yaşıl enerji zonaları yaradılır.
İslam Mustafayev- ekoloq: “Bərpa olunan enerji növlərindən istifadə edərək üzvi yanacağın yandırılmasının azaldılması məsələsi qarşıya qoyulub. İlk addımlar olaraq müxtəlif pilot layihələr var. Mərəzədə, Yaşmada digər ərazilərdə Günəş, külək enerjisindən istifadə etmək üçün qurğular quraşdırılıb. Lakin bunların praktikaya doğru ən böyük addımı bizim işğaldan azad olunmuş ərazilərdə 240 meqavat gücündə Günəş Elektrik Enerjisi Stansiyasının tikilməsidir. Biz işğaldan azad olunmuş ərazilərə böyük qayıdış proqramına əsasən orada insanların məskunlaşması üçün ən müasir, ən yeni şərait xüsusilə yaşıl iqtisadiyyatın inkişafı üçün, yəni ətraf mühiti çirkləndirməyən mənbələrin quraşdırılması ön görülür”.
İqlim dəyişiklikləri ilə mübarizədə öhdəliklər yalnız dövlətin üzərinə düşmür. Vətəndaşlar da bu məsələyə ciddi yanaşmalıdırlar. Çünki əgər istiləşmə səbəbindən hər hansı fəsad baş verirsə, bu, bütövlükdə cəmiyyətə mənfi təsir edir.
Orxan Cəfərzadə
- Baxış: 134