Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “GŞBPİ- DYP bölməsinin əməkdaşları şəhər ərazisində hərəkətin və piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirir və bu tədbirlər zamanı spirtli içkinin təsiri altında və ya narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslərlə mübarizə aparılır. Əfsuslar olsun ki, hələ də aparılan profilaktiki tədbirlərə baxmayaraq, bəzi sürücülər istər spirtli içkinin təsiri altında, istərsə də narkotik vasitənin təsiri altında hələ də avtomobil idarə etməkdədir”.
Belə sürücülərin bir çoxu az miqdarda spirtli içki qəbul etdiklərini, bəziləri içsələr də, sərxoş olmadıqlarını deyirlər. Lakin sərxoşluq halının müəyyən edilməsi zamanı artıq bəhanələrə yer qalmır. Nəticədə özünün və digər insanların həyatını təhlükəyə ataraq sükan arxasına əyləşənlər məsuliyyətə cəlb olunaraq cəzalandırılırlar.
Sürücü: “Mən hər bir sürücüyə tövsiyə edirəm ki, heç biri içkili, narkotik vasitənin təsiri altında sükan arxasında oturmasın. Çünki birinci onun öz həyatı üçün təhlükəlidir, ikincisi də onun ətrafında olan ya ailəsi, ya dostu, ya bir yoldaşı üçün çox təhlükəlidir. 90% qəzaların səbəbi içkidir. Getdiyin yerdə dolayı yolla gəlib dəyirlər, çox rastlaşmışam”.
Sürücü: “İçkili sürücülərə pis baxırıq. İçkili sükan arxasında oturmaq olmaz. Nə cəza verirlərsə, düzgün edirlər”.
Şəhər sakini: “Birinci özünü təhlükəyə salır, sonra camaatı təhlükəyə salır. Yaxınlarını düşünmür o adam. Sərxoş oldun, gərək sürməyəsən, bir az ayıldıqdan sonra minəsən maşına. Ona görə də ayıq olmalısan, narkotik vasitə altında oldun, qarşındakını görə bilməyəcəksən, bilməyəcəksən ki, hara gəlir. Narkotik olanda əmələ gəlmir”.
Sürücü: “Mənim düşüncəm budur ki, içkili- sərxoş, narkotik qəbul etmiş halda maşını idarə etmək olmaz. Bunun fəsadları çox böyük ola bilər. Sonu ölümlə nəticələnir”.
Sürücü: “Çox şey ola bilər. Yol qəzaları artır, ölümlər artır. Spirtli içki altında rol arxasında oturmağı heç kimə məsləhət görmürəm”.
Şəhər sakini: “İçki içib, rol arxasında oturmaq düzgün deyil. Bu həm özünün, həm də ki, vətəndaşların həyatına təhlükədir”.
Eyni zamanda, sərxoşluğun müəyyənləşdirilməsi üçün şübhəli sürücü həkim müayinəsinə aparılır. Sürücünün sərxoş olmasını yol polisi əməkdaşı xüsusi sertifikatı olan cihaz vasitəsi ilə müəyyən edir. Əgər mübahisəli vəziyyət yaranarsa, həkimə müraciət etmək lazım gəlir. Artıq sürücünün spirtli içkinin təsiri altında avtomobil idarə etməsi aşkarlandıqda isə onun barəsində müvafiq tədbirlər görülür. Bütün bunlara baxmayaraq, elə Gəncə şəhərində də artıq tez-tez sərxoş sürücülərə rast gəlmək olur.
Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Qeyd edək ki, DYP əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində 2023- cü ildə 76 nəfər şəxs narkotik vasitənin təsiri altında avtomobil idarə edən, 310 nəfər isə spirtli içkinin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. 2024- cü ilin müvafiq dövrü ərzində ümumilikdə 50-yə yaxın fakt aşkarlanıb ki, onlardan 35-ə yaxını spirtli içkinin təsiri altında avtomobil idarə edən şəxslərdir. 15-ə yaxını isə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxlərə aiddir. İstər narkotik vasitənin, istərsə də spirtli içkinin təsiri altında avtomobillərin idarə olunmasına qarşı profilaktiki monitorinq tədbirləri davam etdirilir”.
DİN bütün sürücüləri alkoqollu içkilərdən uzaq durmağa çağırır. Bu, sübut edilən fatkdır ki, alokoqol diqqəti azaldır. Diqqətsizlik isə peşmanlıqla nəticələnə bilər. Sonrakı peşmançılığın fayda vermədiyi isə hər kəsə məlumdur.
Pərvin Abbaszadə
- Baxış: 144