Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə riyakarlıq nümayiş etdirərək sülhə hazır olduqları imicini yaradır. Onun Böyük Britaniya mətbuatına müsahibəsi real olmayan barışıq təəssüratı yaradır və ermənilərə beynəlxalq aləmdə xal qazandırmaq üçün atılan addımdır.
“İrəvanın sülh sənədini imzalamaq üçün siyasi iradəsi var” deyən baş nazir Nikol Paşinyan, yenə havadarlarının çaldığına oynayır. Azərbaycanın sülh çağırışlarını gözardı edən, sülhlə bağlı şərtlərı çək-çevir edən tərəfin hansı sənəddən danışdığı anlaşılan deyil. Paşinyanın hələ də qərbdəki tərəfdaşlarının əmrlərinin icraçısı olması açıq şəkildə özünü göstərir.
Tural İsmayılov- siyasi şərhçi: “Mən hesab edirəm ki, Nikol Paşinyanın sülhlə bağlı beynəlxalq mətbuata verdiyi müsahibədə söylədiyi yalanlar daha çox Ermənistanın guya sülhə hazır olmağı ilə bağlı bir fon yaratmağa hesablanıb. Şübhəsiz ki, Ermənistan bölgədə sülhə maraqlı deyil. Belə olduğu üçün biz 2020-ci ildə 44 günlük Vətən müharibəsinə də başlamazdıq. Sadəcə olaraq Azərbaycan qalib tərəf kimi regionda şərtləri diqtə edir və Ermənistan baş naziri Nikol Paşinyan verdiyi müsahibədə özündə o siyasi diplomatik etiketi taparaq cəsarətlə etiraf edə bilmir ki, məhz Azərbaycanın qələbəsinə görə Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağa məcburdur”.
Digər tərəfdən Ermənistanın sülhdən danışması Azərbaycanın təklif etdiyi baza prinsipləri qəbul edildiyi halda mümkün ola bilər. Sözlə əməli fərqli olan məğlub ölkənin idarəedicisi tərəfindən səsləndirilən barışıq istəyi gərək real addımlarla müşayiət olunsun.
Elxan Şahinoğlu- siyasi şərhçi: “Əsas sənəd sülh sazişi və çərçivə sazişidir. Bunu imzalamaq lazımdır. 8 kəndi geri qaytarmaq lazımdır, kommunikasiya xətlərini açmaq lazımdır. Ermənistan gərək konstitusiyasını dəyişsin. Orada ərazi iddialarını əks etdirən bəndlər var. Bunlar olmadan əlbəttə ki, mükəmməl sülh olmayacaq. Bunu Paşinyan da anlamalıdır. Anlasa da, bəzən yenə də məsələni uzatmağa, Azərbaycanı nədəsə günahlandırmağa çalışır. Amma indi Brüsseldə növbəti görüş olmalıdır. Azərbaycan prezidenti İlham Əliyev də razılığını verib. Paşinyan orada şərtlərimizi qəbul etməsə, məsələ yenə də uzanacaq və bu, bölgədə sülhə yox, növbəti gərginliyə yol açacaq”.
Ermənistan sülhə razı olduğunu dəqiq mina xəritələrini təqdim etməklə, sərsəm bəyanatlardan çəkinməklə, silahlanmaya son qoymaqla, "binokl diplomatiyasını" aradan qaldırmaqla göstərməlidir. Başqalarından dəstək gözləməkdənsə də ikitərəfli təmaslarla işi uzatmamalıdır. Vətən müharibəsindən ötən dövrün yaratdığı reallığı nəzərə alaraq addım atmalıdır. Əks halda düşəcəyi vəziyyəti təsəvvür etməkdə çətinlik çəkməyəcək.
Orxan Cəfərzadə
- Baxış: 79