• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1534
— 07.02.2024 08:58

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir

KepezTV Player

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ölkəmizdə keçiriləcək ilk seçki olan növbədənkənar prezident seçkisində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Bu məntəqələr üzrə 23 minə yaxın seçici siyahıya alınıb. Ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq, dünya üzrə Cənubi Koreyada başlayan səsvermə prosesi ölkəmizin ABŞ-nin Los-Anceles şəhərindəki baş konsulluğundakı məntəqədə başa çatacaq.

Bir daha qeyd edək ki, müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olan növbədənkənar prezident seçkisi Müzəffər Azərbaycan Ordusunun tarixə qızıl hərflərlə yazılan Qarabağ zəfəri sayəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ilk seçkidir. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, prezident seçkisində səsvermə hüququ olan seçicilərin ümumi sayı 6 milyon 478 min 623 nəfərdir. Seçicilər 6 min 537 məntəqədə səs verə bilərlər. Ölkə üzrə 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Həmin məntəqələrdəki prosesi onlayn rejimdə izləmək mümkündür. Seçkini izləmək üçün, ümumilikdə 90 minə yaxın müşahidəçi qeydiyyatdan keçib ki, onlar arasında müxtəlif dövlətlərin, beynəlxalq və regional təşkilatların, o cümlədən ATƏT-in, MDB-nin, Şanxay Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının, nümayəndələri də var. Bundan başqa, 30-dan çox xarici media qurumu seçkini işıqlandırır. Növbədənkənar prezident seçkisində üç təşkilat “exit-poll” keçirir. Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində, yəni fevralın 17-dək prezident seçkilərinə yekun vurulmasını və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim olunmasını təmin etməlidir. Seçki günü, yəni bu gün ölkə ərazisində qeyri-iş günüdür.