• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1526
— 06.02.2024 19:26

700-ə yaxın tələbəyə təhsil krediti verilməyib

KepezTV Player

Təhsil Tələbə Krediti Fondundan verilən məlumata görə, ötən il 700-ə yaxın tələbənin müaciətinə imtina cavabı verilib. Onlardan biri də Elgün Hüseynovdur. Bakı Mühəndislik Universitetində təhsil alan tələbə ötən semestr fonda sorğu göndərib. Ancaq sorğusu məqbul cavablandırılmayıb.

Elgün Hüseynov- tələbə: “Sentyabrda tələbə kreditinə müraciət elədim. Ancaq qəbul olunmadı. Bunun nə səbəbə olduğunu bilmirəm. Amma ehtimal ki, yəqin əvvəl olan kəsrlərlə bağlıdır. Ümid edirəm ki, gələn semestr tələbə kreditindən yararlana bilərəm”.

Qaydaya əsasən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki, eyni zamanda texniki peşə təhsili səviyyələrində təhsil alan şəxslər təhsil kreditindən yararlana bilərlər. Amma tələbənin sonuncu semestr üzrə hər hansı bir fənn üzrə akademik borcu olmamalı və əyani təhsil almalıdır.

Tehranağa Abdullayev- Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri: “Bəzi hallarda tələbələrə elektron sistem və ya təhsil müəssisəsi tərəfindən imtina edilir ki, bu imtinaların əksəriyyətini tələbənin sonuncu semestr üzrə akademik borcu olması və ya standart növdə ümumi orta-müvəffəqiyyət göstəricisinin 71-dən aşağı olması təşkil edir. Digər hallarda tələbənin sosial statusunun digər dövlət orqanlarının müvafiq elektron sistemləri tərəfindən təsdiqini tapmaması, yaxud tələbənin normativ təhsil müddətindən artıq təhsil alması və digər hallar ola bilir. Ötən dövr ərzində elektron sistem tərəfindən 1746 tələbəyə, təhsil müəssisələri tərəfindən isə 677 tələbəyə qeyd olunan səbəblərdən imtina edilmişdir”.

Bu vaxta kimi Təhsil Tələbə Krediti Fonduna 37 mindən artıq müraciət daxil olub. Bunlardan 28200-ü rəsmiləşdirilib və təhsil haqqları təhsil müəssisələrinə köçürülüb.

Tehranağa Abdullayev- Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri: “Bunlardan 10050-si sosial, 18150-si isə standart növdür. Əlavə olaraq bildiririk ki, təhsil kreditindən yararlanmış və məzun olmuş tələbəblərə artıq güzəştlər də tətbiq olunur. Məsələn, akademik göstəriciləri yüksək olan 3600-dən çox tələbə 3.4 milyon manatlıq krediti faizsiz olaraq geri qaytaracaq, 360 halda tələbənin kreditinin 25 faizi, 155 halda 50 faizi bağışlanmışdır”.

Kreditin geri qaytarılmasına gəlincə isə tələbə təhsilini başa vurduqdan və 2 illik güzəşt dövrü bitdikdən sonra 10 il ərzində bərabər hissələrlə vəsaiti geri qaytara bilər.

Aişə Rzayeva