• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 748
— 04.02.2024 19:40

Uşaqlarda unutqanlıq problemi

KepezTV Player

Unutqanlıq uşaqlıq çağında tez – tez rastlanan problemlərdəndir. Öyrənilən yeni bir məlumatın xatırlana bilməməsi, əşyaların yerini unutma, ev tapşırıqlarının unudulması ya da məktəb ləvazimatlarını itirmə uşaqlarda ən sıx rast gəlinən unutqanlıq əlamətləridir.

İlkin İsgəndərli- şagird: “Mənim həyatımda da çox vaxt unutqanlıqlar olur. Məsələn dərsdə, hazırlıqda, müəllim tapşırıqları verir, dərsi keçirik, evə gedirik həmin tapşırıqları işləyəndə başım sosial şəbəkəyə qarışır və ya ağlım başqa bir şeylərə gedir, artıq tapşırıq yaddan çıxır”.

Xədicə Hacıyeva- şagird: “Hər kəs kimi mən də bu unutqanlığı yaşayıram və bu həyatımda bir çox hissələrində baş verir. Misal üçün, dərslərdə elə olur ki, ilin əvvəlində keçdiyimiz dərsləri ilin sonunda çatdıqda artıq unuduruq və bunları yenidən təkrar edirik ki, biz bunu tamamlayaq. Stressdən də ola bilər, sosial şəbəkələrdən də ola bilər. Bu dövrdə insanlar daha çox sosial şəbəkəyə meyl edirlər və baxırlar, çox vaxt keçirirlər. Beynimizə lazımsız informasiyalar daxil olur və bu lazımsız informasiyalar da beynimizdə müəyyən qədər yer tutur. Bunların isə davamı gəldikcə, bizdə unutqanlıq baş verə bilir”.

Aqşin Bəhramlı- şagird: “Bir neçə məqamlarda olub ki, mən özüm də unutqanlıq hiss etmişəm. Xüsusilə də imtahan ərəfəsində. Abituriyentlik ərəfəsində imtahan stressi, dərslərin çoxluğu hər halda unutqanlığa gətirib çıxarır. Olub ki, dərsdə qulaq asmışam, evə gedib yadımdan çıxarmışam və ya ev tapşırığını etmişəm, qaydaları öyrənmişəm, gələndə dərsdə yadımdan çıxıb”.

Əsasən məktəbli uşaqlarda görülən unutqanlıq digər bir çox problemə səbəb ola bilər. Görüldüyü kimi yaddaş zəifləməsi onların təhsil həyatlarında çətinliklər və dərslərdə müvəffəqiyyətsiz olmalarına şərait yaradır.

Şahnaz Namazova- müəllimə: “Şagird gəlir, 5 sual verirəm,1 dənəsinə cavab verə bilmir. Amma valideyn deyir ki, mən o sualların hamısını soruşmuşam, hamısını mükəmməl bilirdi. Demək, axşam öyrəndiyi şeyi səhər gəlib burda söyləyə bilmir. Mən o yaddaşsızlığın səbəblərindən birini də kitab oxumamaqda görürəm. İnsan kitab oxuyanda beynində o fantaziya formalaşır, oxuduğun şeyi təsəvvür edir və beyin aktiv olur. Amma ki, belə baxırsan, ancaq vizual olaraq görürsən, beyinə ötürülmür və beyində tənbəlləşmə yaranır, mən belə düşünürəm”.

Psixoloqların sözlərinə görə müasir günümüzün gətirdiyi stress və həyat tərzi insanların yaşam formasına öz mənfi təsirini göstərə bilər. Yaşadığımız cəmiyyətdə baş verən hadisələr həyat tərzimizə təsir etməklə yanaşı, unutqanlıq kimi müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

Məhbubə Sabirli- psixoloq: “Son dönəmlərdə yeniyetmələrdə və uşaqlarda unutqanlıq yaranır. Bunun səbəblərindən biri uşaqların həddindən artıq çox informasiyaya məruz qalmasıdır. İnformasiya dedikdə bunu müsbət nəzərdə tutmuram. Ümumiyyətlə müsbət, ya da mənfi. Çox internetə məruz qalmaq, internettə sürətli videolara, sürətli görüntülərə baxmaq. Uşaqların və yeniyetmələrin unutqanlıq yaşamasının səbəblərindən biri, uşaqların qaydalı gün rejimlərinin olmamaları, distiplinli formada bir həyat rejimlərinin olmamağı da diqqət və yaddaş probleminə gətirib çıxara bilir”.

Yaddaş - biliklərin praktik bacarıqları, məlumatların, informasiyaların mərkəzi sinir sistemində toplanması və lazım olduqda bundan istifadə etməyimizdir. Göstərilənlərdən hər hansı birində pozğunluq olarsa bu, yaddaş zəifliyi və itkisidir. Yaddaş zəifliyi getdikcə inkişaf edərsə, bu sonda ciddi fəsadlara yol aça bilər.

Pərvin Abbaszadə