• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 786
— 29.01.2024 20:02

Üç binanın sakinlərinin yaşadığı bir problem

KepezTV Player

Sakinlərin şikayətçi olduqları məsələ Aydınbəyov küçəsindəki 57, 58 və 59 saylı binalarla bağlıdır. Daha doğrusu, ötən əsrin 70-ci illərində inşa edilən binaların zirzəmisinə dolan çirkab suların yaratdığı xoş olmayan mənzərə ilə. 5 mərtəbəli olan binalarda yaşayanlar deyir ki, zirzəmi dönüb olub, kanalizasiya sularının axıdıldığı anbar. Xeyli müddətdir davam edən mövcud vəziyyətin yaratdığı üfunət, gəmiricilər və həşəratlar rahat yaşamağa imkan vermir. 

Güldara Süleymanova- sakin: “Borunu özümüz də pul yığdıq, aldıq, bir az da köməklik oldu. Ancaq yenə də zirzəmi pis vəziyyətdədir. Kömək istəyirik ki, baxsınlar ki, harada qırıq var. Həm milçəyə görə də dərmanlasınlar, həm də zirzəmini qurutsunlar”.

Etibar Alıyev- sakin: “Həmişə su basır, giriləsi deyil, kanalizasiyanın suyu axır. Dəfələrlə də buranın camaatı müraciət edib, xeyiri yoxdur. Yayda bloka girirsən, iy dördüncü mərtəbəyə gəlir. Vəziyyət belədir”.

Hətta 59-cu binanın 1-ci mərtəbəsində 30 saylı Körpələr evi-uşaq bağçası yerləşir. Sakinlərin dediklərini bağça əməkdaşları da təsdiqlədilər. Belə bir vəziyyətdə təlim-tərbiyə ilə məşğul olmağın mümkünsüzlüyündən valideyinlər də narahatdırlar.

Əli Abbasov- sakin: “Bu binanın altı bağçadır. Bütün kanalizasiya sistemi alta axır. Qapını açaq, içəri birədir. Biz bu bağçaya uşağı necə qoyaq, yuxarıda yaşayanlar necə yaşasınlar? Müraciət edilib, hamı qol çəkir gedir, ancaq xeyiri nədir, ərizə üzümüzə qayıdır. Yalandan o kanalizasiyanı təmizləməklə deyil axı! Əsas içəri baxılmalıdır. Gəlsinlər, baxsınlar, harada qırıq yer var düzəltsinlər. Kommunal pulu almırlar?! Gəlib, baxsınlar”.

Aybəniz Bağırova- sakin: “İçəri də su çəkir, girmək də mümkün deyil. Dəfələrlə şikayət də olunub. Gəlib, baxıb, gediblər. Su maşını göndərəcəyik deyiblər, yaxın gələn olmayıb. Xahiş edirik ki, gəlsinlər düzəltsinlər, baxsınlar”.

Madər Məmmədova- sakin: “İydən durmaq olmur, nəfəs almaq olmur, ayna-qapını açmaq olmur. Bina çox pis vəziyyətdədir, yatacaq”.

Hər üç binaların sakinlərinin üzləşdiyi problemdən “Gəncə Su Kanal” Törəmə Səhmdar Cəmiyyəti də xəbərdardır. Mütamadi olaraq idarənin işçiləri ərazidə yaranan problemi aradan qaldırmağa çalışsalar da, nəticə etibarı ilə mənzərə dəyişmir. 

Elbrus Hacıyev- “Gəncə Su Kanal” TSC-nin şöbə rəisi: “Hazırda o binanın zirzəmisində köhnə boru yoxdur, yenilənmiş borulardır. Buna baxmayaraq xətti tutula bilər. Vətəndaşlar təmiz saxlamır. Ola bilər ki, yenə də tutqunluq yaranıb. Əməkdaşlarımız orada olan çatışmazlıqları aradan qaldıracaqlar. Lazım olsa orada təmir-bərpa işləri də tərəfimizdən görüləcəkdir”.

Çəkilişdən sonra bizimlə əlaqə saxalayan sakinlər “Gəncə Su Kanal” Törəmə Səhmdar Cəmiyyətinin işçilərinin ərazidə olduğunu təsdiqlədilər. Sakinlərlə görüşüb, yaşanan problemin tez bir zamanda aradan qaldırılacağına söz verilib. Odur ki, Aydınbəyov küçəsindəki vəziyyətin sanitar-epidemioloji baxımdan pisləşməməsi üçün verilən sözün tez bir zamanda reallaşması vacibdir.

Elnur Vahidoğlu