• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 784
— 29.01.2024 18:37

Avtomobillərə texniki baxış zamanı utilizasiya haqqı da ödəniləcək

KepezTV Player

Fevralın 1-dən Azərbaycana gətirilən minik avtomobilləri üçün əlavə utilizasiya haqqı da alınacaq. Bu, istehsal tarixi 4 ili ötən nəqliyyat vasitələri üçün xarakterik olacaq. “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun yaradılması haqqında qanunun qüvvəyə minməsinin maşın bazarına təsirini araşdırmışıq. 

Qanuna əsasən, utilizasiya haqqı iki halda alınacaq. Avtomobillər istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə. O da avtomobillər texniki baxışdan keçərkən. Eyni zamanda mütəmadi olaraq dövlət texniki baxışı üzrə utilizasiya haqqı ödəniləcək.

Ərşad Hüseynov- Ekspert: “Utilizasiya fondunun maliyyələşmə mənbələrindən biri nəqliyyat vasitəsi sahiblərinin həmin fonda ödəyəcəkləri utilizasiya haqları olacaq. Və utilizasiya haqqının mahiyyəti odur ki, tutaq ki, avtomobil köhnəldi, artıq istismara yararsızdır. Qanunda nəzərdə tutulub ki, həmin avtomobil utilizasiyaya təhvil veriləndə onun sahibinə ya istəyinə uyğun Azərbaycan istehsalı olan avtomobil əldə etmək istəyirsə, güzəşt veriləcək. Həmin o güzəştin məbləği Utilizasiya fondundan olacaq. Ya da Azərbaycan istehsalı olan avtomobil istəmirsə və ya ümumiyyətlə avtomobil istəmirsə, onda ona birdəfəlik ödəniş olunacaq”.

Yeni qərar ən çox da avtomobil alqı-satqısı ilə məşğul olan şəxsləri düşündürür. Onların fikrincə 10 il məhdudiyyətindən sonra utilizasiya haqqının da tətbiq edilməsi onların işlərinə mənfi təsir göstərəcək.

İlqar Sarıyev- şəhər sakini: “Əvvəllər yerli bazarda maşınlar baha olduğu üçün biz gedirdik, büdcəmizə görə xaricdən maşınlar gətirirdik. Bunlarda belə bir qərar çıxardı ki, 10 ildən köhnə olan maşınlar olmaz. İndi də deyirlər ki, 4 ildən köhnə maşınları hər il texniki baxışdan keçirdikcə rüsüm ödəniləcək. Bu da büdcəmizə ziyan edir”.

Akşin Məmmədov- şəhər sakini: “Gömrük rüsumlarını qaldırıblar deyə, avtomobil gətirmək sərf eləmir. Çünki əvvəl gətirirdik 1000, 1500, 2000 manat bura ilə fərq edirdi. Amma indi sərf eləmir. Gündən-günə də şərtləri çətinləşdirirlər. Texniki baxışla bağlı yeni qərarlar çıxarıblar”.

Ekspert deyir ki, qiymətlə bağlı hələlik rəsmi qərar olmasa da, məbləğ elə də yüksək olmayacaq. Ona görə də yerli bazara əhəmiyyətli dərəcədə təsirindən söhbət gedə bilməz.

Ərşad Hüseynov- Ekspert: “Məbləğlər, dediyim kimi çox da böyük deyil. Ona görə də avtomobillərin alqı-satqısı, idxalı zamanı ödənilən məbləğlərlə müqayisədə, avtomobillərin alınmasına xərclənən vəsaitlə müqayisədə cuzi bir vəsait olduğuna görə, o nə daxili bazara, nə də idxala təsir etməyəcək. Düzdür, ola bilər ki, ilk əvvəllər psixoloji bir fikir yaranacaq ki, avtomobil sahiblərinin maliyyə yükü bir az artdı, amma o bir az cuzi bir şeydir”.

Nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı utilizasiya haqqının yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməsi nəzərdə tutulur.

Aişə Rzayeva